Qonaq Kitabı
MƏTBUAT

Biz, “Molla Nəsrəddin” məcmuəsinin intişarından bu günə kibi həmişə mollaların və şəriətin tərəfdarı olmuşuq. Biz heç bir dəfə də razı olmamışıq ki, dinimizin, şəriətimizin qoyduğu qanunlara xələl gəlsin, hər daim çalışmışıq ki, oruc, namaz, qurban, məhərrəmlik rövnəqlənsin, hələ arvadlar məsələsində biz lap ayrı bir yol tutub, onların məktəblərə getməməsinə, dünya işlərindən xəbərdar olmamasına, üzü açıq küçəyə çıxmamasına, ərlərinin üzünə ağ olmamasına səy eyləmişik. Biz həmişə demişik ki, bu dünya beş günlükdür, beş günlük dünyadan ötrü həmişəlik olan axirəti əldən buraxmaq olmaz. Ancaq bizim bu sözlərimizi və işlərimizi müsəlmanlar tərsinə başa düşüblər. İndi arvadlar yavaş-yavaş da olsa bizim nəsihətlərimizə baxmayıb adam kimi meydanə çıxmağa başlamışlar. Hələ bəzi qəzetlərimiz arvadın çarşavı atıb yeni həyata keçmələrini sevinə-sevinə qeyd edirlər. Məsəla, rəfiqimiz “Qızıl Tqrküstan” qəzetəsi yazır:

“Səmərqənd əski şəhərində qadınlar hərəkatı gündən günə artır və möhkəmlənir. O cümlədən Səmərqənddə təkcə Xoca Zəvalmurad məhəlləsində açıq gəzən xanımların sayı yüz faizə yetdi. Çarşaf və rübəndi atan xanımlar apreldə 253 nəfər olmuşdur. Bunların arasında 7 nəfər domla, imam, işan və mütəvəlli arvadları da çarşaflarını atmışlar.”

Rəfiqimiz “Qızıl Türküstan”ın bu sevincinə biz şərik olmuruq, bir halda ki, arvadların üzü açıq gəzmələri xilafi-şərdir və buna nə Allah, nə peyğəmbər, nə quran, nə din razı deyil, pəs buna və bu kimi işlərə sevinmək yersizdir. Bundan başqa da “Qızıl Türküstan” öylə xəyal eləməsin ki, din tərəfdarı olan cahil qocalarımız və fitnəkar işanlarımız daha yoxdur. Arvadlar çox da həyasızlıq eləsə Cəzzəkdə (Cəzzək Səmərqənd yaxınlığında bir qəsəbədir. Məsqal Aykərim qızı fəal bir işçi qadın imiş ki, xuliqanlar öldürmüşlər) öldürülüb boğazından asılan “Məsqal Aykərim qızını” ibrət üçün onlara göstərərək “Qızıl Türküstan” rəfiqimiz, tez sevindiyindən şitlik eyləməsin.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 22.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info