Qonaq Kitabı
MƏTBUAT

Hərdən bir bikarçılıq olanda qəzetləri tökürəm qabağıma baxıram ki, görüm müsəlman aləmində nə kimi yeniliklər vardır. Doğrudan da bəzən bizim nəzərimizi cəlb edəcək əhvalatə də rast gəlirik. Məsələn, qəzetlərdə bu günlər İrandan bir belə xəbər oxuduq.

“İran hökuməti İranın müxtəlif yerlərində kənd təsərrüfat bankları açmaq üçün tərtib edilmiş nizamnaməni məclisin təsdiqinə veribdir. Bu pul da ancaq vəqf mülkləri satmaqla əldə ediləcəkdir!” Mən bu xəbəri oxuyanda o saət keçmişdə İranda hər belə-belə işlərin qabağına çıxan İran müctəhid və mollaları gəldilər durdular gözümün qabağında, hə, necə yəni moqufat mülkləri satılıb, o müqəddəs pullar kəndli-məndlinin ehtiyacı üçün banklara verilsin! Bu necə ola bilər? Buna İran üləmaları necə razı olarlar? Hələ kənardakı mollalar dinmirlər. Çünki gözləyirlər ki, görsünlər məclis buna nə deyəcək. Axı elə məclisdə əyləşən ağaların da çoxusu molladır, seyiddir. Hələ əvvəlcə gərək onlar buna mane olub məclisdə böyük bir gurultu qoparsınlar. Haşa, sümmə haşa, birdən məclis nizamnaməni təsdiq etdi, sən onda gəl gör ki, İranda analar necə mollalar doğubdur. Məgər o bütün İranın iki ayaqlı sahibləri qırılıbdırmı ki, yol versinlər... heç vəqt bu ola bilməz. Müqəddəs moqufat hər lütün, bambılının ehtiyacı üçün satılıb kənd təsərrüfat bankı kassasına qoyula bilməz. Bu bidətdir, buna məclisi-millidə olan mollalarla bərabər bütün İran müctəhidləri də qarşı çıxıb yol verməməlidirlər. Bu bidətdir, ziddi-şəriətdir.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 20.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info