Qonaq Kitabı
İYİRMİ İKİNCİ İL

Biz 1927-ci ilə qədəm qoyuruq, bu 1927-ci il bizim üçün çox əzizdir. Çünki əvvəla, “Molla Nəsrəddin” iyirmi iki yaşına girir, ikinci də ölkəmizin şuralaşdığının yeddinci ili olur. Biz dönüb arxamıza baxanda iyirmi iki il bundan qabaqkı halımızı yadımıza salırıq, “Molla Nəsrəddin” ortalığa çıxıb xalqın övzainə gülməyə başlayandan sonra özünə bir çox dost və tərəfdar qazandığı kimi bir çox da düşman qazandı. “Molla Nəsrəddin”in dostları özü kimi yoxsul kəndlilər, muzdurlar, işçilər və ziyalılardan, düşmanları da çarlardan, sultanlardan, şahlardan, mülkədar, bəy, xan, qoçu, qarnı yoğunlardan, xüsusən, müctəhid, müfti, molla və seyidlərdən ibarət idi.

“Molla Nəsrəddin” uşaqların əlində oyuncaq, evlərdə ocaq alışığı, aşxanalarda xörək süfrəsi, dükanlarda şor, pendir qabı, məscidlərdə ayaq altı ola-ola xəlqin bulaşıqlı gözünü açması zorbalara xoş gəlmədi, etiraz edildi, mübarizə başlandı.

Bu uzun illərdə həbslər, mənfalar, ölümlər, lənətlər və söyüşlərə düçar olan kütlə, xalq bunların hamısına dözdülər.

Məktəbsiz, maarifsiz, hüquqsuzluqlara köks gərdilər, hər nə istədilər vermədilər, hər nə dedilərsə eşitmədilər, lakin xəlq ilə bərabər “Molla Nəsrəddin”də naümid olmadı.

 

Hər axşamın bir sabahı olacaqdı,

Gecə gedib günəş parlaq doğacaqdı.

 

Bu gün “Molla Nəsrəddin” iyirmi iki yaşında 1927-ci ilə qədəm basdıqda nə görür. O görür ki, uzun illər xəlq maarif və hürriyyəti qabağının çəpərləri olanlar ortadan təmizlənmiş, silinmiş, qaldırılmış və əzilməkdə, tapdalanmaqda olan xəlq ayağa qalxmışdır.

“Molla Nəsrəddin” indi qabağında keçmiş xərabəliklərin yerində xəlqin öz əməyi ilə, qabarlı əlləri ilə əmələ gəlmiş maarif, sənaye, təsərrüfat və xeyriyyə müəssisələri görür. “Molla Nəsrəddin”, illərlə əsrlik zənciri ilə bağlanmış qadınların bugünkü halını görüb, özünün çəkdiyi zəhmətlərini unudur və özünün apardığı mübarizədə qalib çıxdığı üçün fəxr edir. “Molla Nəsrəddin” öz dostu olan xəlqin gələcəkdə daha da məsud olmasını səmimi olaraq arzu edir.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 1.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info