Qonaq Kitabı
ƏZİZ DOSTLARIMIZ

Atalar sözüdür, deyərlər: “Əl-əli yuyar, əl də tutub üzü yuyar”.

Bizim dünyada çox yaxın dostlarımız var ki, iyirmi ildir bizim başımız dura-dura, ayağımıza daş dəyməsinə razı olmayıb və bu gün də elə həmən sədaqətlərində baqi qalıblar. Ancaq bu minlərlə olan dostlarımız arasında seçilmə (müstəsna) oylələri vardır ki, nə biz onları bir dəqiqə olsun yadımızdan çıxarırıq, nə də onlar bizim haqqımızda xeyir-duadan fariğ olurlar. Bu kimilərə biz “əziz dostlarımız” deyirik.

Bu əziz dostlarımızdan Qrozna şəhrində üç nəfər vardır. Bu üç nəfərin biri üləmalarımızdan cənab müstəqab Axund Molla Əli Dərbəndidir. Bu fəzilətməab əfəndi bir gün olmaz ki, minbərdə, məsciddə bizi yadından çıxartsın, həmişə “Molla Nəsrəddin”in rəvaci-intişar və yaşaması üçün çalışmaqda və cəmaəti bu məcmuəyi oxumağa tərğib və təşviq etməkdədir.

Hələ bu yaxınlardan bəri bir az da damağı kök olduğuna görə (çünki bu günlərdə ömrünü tazələmək üçün 17 yaşında Allahın əmri ilə cəvan bir qız alıbdır) daha da təbliğ və təşviqatını artırmaqdadır.

İkincisi məşhur Avara Fərəcdir. Bu möhtərəm vücud ömrünün əvvəlindən indiyə kimi bircə gün də bir işlə məşğul olmuyub, ancaq dostumuz axund kibi şəxslərin quyruğu kibi həmişə onun arxasında olub və həqqimizdə axund ilə bərabər çalışıb bizə kömək etməkdədir. Belə ki, əlində dəyənək gəzib xəlqi döyə-döyə “Molla Nəsrəddin” almağa vadar edir və “Molla Nəsrəddin”in vəkillərindən qorxub məcmuə gətirdim satdırmayan olanda əlindəki dəyənək ilə onu təhdid edir ki, gərək Mollanın rəvacına çox çalışasan.

Üçüncü dostumuz: çayçı Məşədi Novruz İsmayılovdur. Bu da ki, məlumdur. Çayçı dükanına Allahın mömin bəndələri çox gəlir. Bu kişi də həqqimizdə əlindən gələni əsirgədiyi yoxdur.

Bu əziz dostlarımızın bərəkətindən Qroznıya göndərdiyimiz məcmuələrimizin hamısı oraya gedən kimi qapış-qapış olub satılır və neçə aylarla orada yığılıb qalıb bir də üstümüzə qayıdıb gəlmir. Xaliqi əhəd bizim bu əziz dostlarımızı yerin-göyün bəlalarından mühafizə eyləsin.

 

“Molla Nəsrəddin”, 1926, N 42.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info