Qonaq Kitabı
ARVAD MƏSƏLƏSİ

Doğrudan da insanın qulağı dolar imiş, hanı o keçən günlər ki, qəzetlərdə bir kəlmə arvad məsələsi yazılan kimi dünyalar dəyərdi bir-birinə. Lənət dəyənəyi, təkfir topu, qarğış bombası tökülürdü qəzetə və məcmuələrin və hürriyyəti-nisvan tərəfdarlarının üst-başlarına, hanı o günlər ki, bir hərf qızların təlimi barəsində yazılanda Bakı qoçuları piştovları götürüb nöşün-nöşün deyə-deyə düz sürüb gəlirdilər Tiflisə “Molla Nəsrəddin” idarəsini dağıtmağa. Hanı o günlər ki, hicab məsələsinin üstündə Gəncədə Seyid Bağır az qalırdı minbəri vurub sındırsın və altdanyuxarı ağanın ağzının köpüyünə mat-mat baxan məscid qoyun-keçilərini qırım-qırım qırsın. Qubadan Hacı Molla Baba tayqulaq yabanı çiyninə qoyub ağzını ayırmış əjdaha kimi gəlirdi Bakı şəhərinə ki, Tağıyevin qız məktəbini dağıdıb Hacını da “aqaruzlasın”. Hanı o günlər ki, “Din və məşəqqət” məcmuəsinin qorxusundan Orenburq – Kazan-Krım qəzetləri dillərini tərpədə bilmirlərdi. Doğrudan elə insanın qulağı dolarmış. Bu həyasız qəzetlər üzlərinə salıb, boyunlarını qızarıb, lənətləri, nifrinləri qəbul eyliyib o qədər yazdılar, o qədər dedilər, danışdılar ki, daha biçarə adamcığazlar cavab verməkdən, rəddiyyə yazmaqdan, söyüb-söylənib atılıb düşməkdən lap yorulub, təngə gəlib kiriyib yorğun mal kimi gözlərini lap-lap döyməyə başladılar.

Keçən həftə Bakı qəzetlərinin biri möhtərəm “Vəqt”dən iqtibas elədiyi bir məqaləni dərci-mətn eləmişdi ki, Krımdan müharibə münasibətilə Sibiriyəyə sürgün edilən müsəlmanların və onların ailələrinin hallarını təsvir ediyor idi. Bizə o məqalənin acınacaqlı və fəci lövhələri lazım deyil, istər müsəlmanlar ondan da yaman halda olsunlar, onun bizə dəxli yoxdur. Bizə dəxli olan məqalənin ancaq bir neçə cümləsidir. Məqalədə deyilən müxtəsəri bu idi ki, Krım və Qafqaziyyə müsəlmanlarına bir elə müsibət əl verəndə onlara çox bərk təsir edir. Qəzetənin rəyinə görə guya Qafqaziyyə və Krım müsəlmanlarının arvadları kordurlar, dilsizdirlər, ölüdürlər. Onların ərlərinin başına bir belə iş düşəndə, həman evlərdə olan hazır yeməyi yeyib qurtarandan sonra əllərindən bir iş gəlməzmiş!! “Vəqt”in sözündən belə anlaşılır ki, guya Rusiya türklərinin arvadları rus arvadları qədər olmasa da onların yarısınca da iş bilən və fərasətlidirlər. Yəni Krım və Qafqaziyyə arvadları kimi çarşaf altında canları çıxmır. Özü göz açıq hər yerı gedir və hər kəsə dərdlərini deyir, eşidir, başlarının çarəsini axtara və məza tapa da bilirlər. Beylə, elə, filan, bəhmən i. a...

Bu qəzetənin vəzinə və sözlərinə bizim daha deyəcək bir sözümüz qalmıyıb, ğeyr əz inke bir ah çəkib əllərimizi bir-birinə vurub deyək: Vay dünya, səni bərbad olasan, gör işlər nə qədər dəyişilib ki, “Vəqt” arvadların üzü açıq gəzib hər naməhrəm ilə üzləşib qonuşmaqlarına fəxr eliyir: gorun çatdasın din və məşəqqət, harada ölübsən, ay bivəfa zəmanə, haradan alım Xalid Xürrəmi, Həqqi əfəndini və düjinlər ilə Bakı və Qarabağ yazıçılarını və onların naşiri-əfkarı olan vərəq parələrini yenə ittihad ilə saldıra idilər “Vəqt”in üstünə, olanlar olub, gedənlər gedib, yerdə qalanların da qulağı dolub, Allah axırını xeyir eləsin, gələcəkdən gözüm heç su içmir..

 

 

(... O ...)

“Məzəli”, 1915, N 16.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info