Qonaq Kitabı
ŞEYXİN PİŞİYİ

Bir neçə il bundan irəli Urmiya vilayətinin bir kəndində bir nəfər yarım tələbə papağının yarısına bir az ağ sarıyıb özünü salıb Qafqaziya ölkəsinə dolana-dolana gəlib çıxır Şəki mahalına. Buralarda bir neçə gün fırlanıb əhalinin əhval-ruhiyyə və məişətinə nəzər salıb görür ki, buralar şəbədəbazlıq üçün yaxşı meydanlardır. Xüsusən, şeyxlik mətaı pək rəvacdır. Cəmaət şeyx olan və hər şeyxlik cildinə girən tülkülərə sitayiş edərcəsinə ehtiram edirlər. Və əhvalı duyan hərif qaxırmır. Özünü verir Uzunqulaqlı adlı bir kəndə və adını da qoyur Şeyx Səfyan, başlıyır şeyxliyini burada kəndlilərə bildirməyə və bir həftəyədək kəndlilərin hamısını bir neçə kəlmə ilə özünə eyliyir qul. Şeyx Səfyan Uzunqulaqlı kəndinə getdiyi gün yoldan bir balaca pişik balası tapıb götürübmüş. Şeyx kənddə mıxı bərkitdikdən sonra cəmaətdən gələn mədaxildən başqa yavaş-yavaş alış-veriş eləməyə də başlayıbmış. Kəndistan hər yerdə çəki daşı olmadığına görə, hər evdə görürsən ki, ya bir su camıdır, bir girvənkəlik daş əvəzinə işlənir, ya bir kəfgirdir, yaxud bir qablama. Şeyx bir gün beş-on nəfər kəndlilərlə oturub söhbət elədiyi halda deyir: cəmaət! Mənim mənzilimdə bir qab yoxdur ki, onu çəki daşı qayırıb, ancaq mənim bir pişiyim var, bazarda da çəkmişəm düz bir girvənkədir, təvəqqe eyləyirəm bir çəkili qab gətirəsiniz burada bunu yenə çəkək və siz də görüb şahid olun ki, düz bir girvənkədir. Daha mənə hər daş lazım olanda qonum-qonşuya zəhmət verməyim. Nə isə, bir nəfər gedib bir çəkili qab gətirir, şeyxin pişiyini çəkib görürlər ki, doğrudan da elə bir girvənkədir, hələ bir az da yüngül kimidir. Onda sonra kəndə və ətrafa hamıya məlum və məşhur olur ki, şeyxin pişiyi bir girvənkədir. Gözünə döndüyüm şeyx gecə-gündüz pişiyə tumar verir, yemləyir-yedirdir, kökəldir. Və təbiidir, pişik də gündən-günə böyüklənəcəkdi. Beş-altı il üç-dörd para kəndin əhalisinin yağı-pendiri, düyüsü-fındığı, filanı gəlir şeyxin mənzilinə, çəki daşı da ki, məlumdur. Daha özgə yerdən daş gətirmək nəyə lazımdı. Uzunqulaqlı kəndinin on nəfər ağsaqqalları şahid edirlər ki, şeyxin pişiyi bircə girvənkədir. Pişik bu beş-altı ildə ancaq-ancaq səkkizcə girvənkə ağırlığında olmuşdur.

 

(mabədi var.)

(... O ...)

“Məzəli”, 1915, N 15.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info