Qonaq Kitabı
TƏRBİYƏ, YAXUD ZAVALLI MƏMİŞ

Keçənlərdə bizim kəndimizdə Kəbla Qulam adlı bir kişi var idi. Yekə qarın, kələ peysər bir adamdı. Bunun Məmiş adlı bir oğlu da var idi. Kəblə Qulam hər yana getsə idi, Məmiş də onun yanında olardı. Məmiş 11 yaşında idi...

Çox vaxtlar Kəblə Qulam bizim evin dalındakı doqqazda, Qəribə Həsənin, çaxça ğeylin ağzında kəndlilər yığılıb mərəkə qurduqları yerdə olardı. Çünki bura heç adamsız olmazdı, həmişə qoca kişilər, burada yığılıb söhbət edərdilər. Kəblə Qulam kişi çox qocalmışdı, ancaq düşgün deyil idi, saz idi. Və həmişə balaca uşaqları bir-biri ilə dalaşdırmağa və güləşdirməyə həvəsi və xoşu var idi, hələ bir gün olmazdı ki, öz oğlu Məmişi Qəribə Həsənin oğlu Sarı ilə görüşdürməsin!! Qəribə Həsənin oğlu da 9 yaşında idi, cüssədə də Məmişdən çox-çox kiçik idi. Görürdün Kəblə Qulam kişi ikisini də çağırdı yanına və tutaşdırdı bir-birinə... özü də başladı kəmali-ləzzət ilə tamaşa eləməyə, cəmaət də hamı söhbətdən əl çəkib başlayarlardı uşaqların görüşmələrinə baxmağa. Məmiş ilə Sarı ortalıqda xoruz kimi didişərlərdi.. Məmiş tənumənd idisə də Sarı çox ləvənd idi. Onda görərdin Məmişi ortaladı qaldırdı yerə elə vurdu ki, zıqq elədi! Məmiş yerdən bir az qızarmış durub, qalxardı. Kəblə Qulam başlardı ki, yox, bu hesab deyil, Məmişin ayağı daşa ilişdi, onun üçün yıxıldı.

Yenə dübarə tutaşdırardı, yenə Sarı, Məmişi vurardı yerə. Yenə Kəblə Qulam başlardı ki: yox, o mənim oğlumu yıxa bilməzdi. Sarı indicə evdən gəlib, əlləri ip-istidir – amma Məmiş sabahdan burada mənim yanımdadır, soyuq əllərini dondurubdur, yaxşı tuta bilmir. Nə isə, çağırıb Məmişin əllərini alardı öz əllərinin içinə, bir az hovxurub nəfəsi ilə uşağın əllərini qızdırıb yenə tutaşdırardı, yenə Sarı onu qalxızıb salardı yerə, yenə Kəblə Qulam başlardı ki: yox, bu səfər də yaxşı yıxa bilmədi, həm də Sarı hündür yerdə, ancaq Məmiş alçaq yerdə durmuşdu. Xülasə, bu dəfə də tutaşdırardı, yenə Sarı yıxardı. Axırda rəhmətlik lap pərt olardı. Bir az da biçarə Qəribə Həsənin oğlunu danlardı ki, sən çox bicsən, haramzadalıq eliyirsən, badaq vurursan, hiylən-fəndin çoxdur – ləmsədən də qatırsan, səndə bijlik olmasa, Məmiş boyda uşağı yıxa bilərsən?! Zavallı uşağa bu sözlər çox ağır təsir edirdi və hətta ağlamsınırdı. Çünki onun sözünü danışıb hünərini təqdir eliyən olmurdu. Kəblə Qulam uşağın, yəni Sarının ruhunu öldürüb, ürəyini sındırandan sonra yenə tutaşdırardı, birdən bu dəfə iş bir cür gətirərdi ki: görərdin Məmiş Sarını bir balaca bir yanı üstə yıxan kimi oldu və özü də tez qalxdı ayağa, başladı üst-başını çırpa-çırpa: – bax mən yıxdım, bax mən yıxdım – deyə dədəsinin üzünə baxmağa, dədəsi də çox şadlanandan sonra üzünü cəmaətə tutub başlardı ki: bax, yıxmaq belə olar, əsil yıxmaq budur, siz öləsiniz, elə yıxdı ki, can kimi, görmürsünüzmü uşaq yerindən də qalxa bilmir, tərpənə də bilmir? Yerə çox bərk vurdu, uşağın qolunun biri sınıb, o biri də zədələnibdir, yox bu zərbə pək mühümdür. Orada olan adamlar da qoca kişidir, bunun qəlbi sınmasın deyə, bunun sözlərini əlacsız təsdiq edirlərdi. Ancaq nə fayda ki, bir də görürdün gözlərinə döndüyüm Sarı bir tərəfdən birdən-birə soxulub yenə Məmişi ortalıyıb qalxızdı çaldı yerə və oturdu qarnının üstündə...

Bir gün olmazdı ki, Kəblə Qulaməli kişi oğlu yedəyində kəndi dolanıb hey doqqazda oğlunu bir-iki uşaq ilə görüşdürməsin. Rəhmətliyə deyəndə ki: a kişi, bu uşaq heyifdi, bunu belə veyil öyrətmə, sabah bunun peşimançılığın çəkərsən, bunu qoy Molla Vəlinin yanında oxusun elmli olsun, yazı-pozu öyrənsin... gülümsünüb deyərdi ki: ağrın alım, mən uşaq böyütməmişəm ki, verəm mollanın əlinə dəvə kimi xıxırdıb dizinə döysün?! Elm küçük yanında asıla-asıla gedir!

Sonradan eşitdim ki, həman Məmişi bir özgə canlı uşaq güləşəndə yerə elə bərk vurubdur ki, uşağın başı dağılıb və bir neçə gündən sonra vəfat edibdir. Bu xəbəri eşidəndə dedim “İnna lillahi və inna ileyhi raciun”. Allah Kəblə Qulama insaf və qanacaq versin. Budur müsəlman, övladını bundan yaxşı tərbiyə edə bilməz!!!

 

(... O ...)

“Məzəli”, 1915, N 6.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info