Qonaq Kitabı
ÜZRÜM VAR

Hörmətli oxucular başdakı ünvana baxıb deyəcəklər ki, görəsən Məşədinin genə nə fırıldağı var ki, əvvəlini əldə üzrüm var deyə ağzını açır.

Təvəqqə eliyirəm oxucuların ürəklərinə gəlməsin ki, guya mənə gün çıxmağa yarım saat qalanda ğüsl vacib olubmuş və sübh namazı da keçirmiş, bir az qol-qabırğam ağrıdığına görə guya ki, kələk gəlib ğüsl eləmiyib namazı təyəmmüm ilə qılmışammış, və ona görə üzr şərim olduğunu bəhanə edərək “üzrüm var” deyirmişəm.

Xeyr a! Məbadə bunu xəyallarına belə gətirələr. Belə deyil, üzrüm var deyirəm, elə doğrudan da üzrüm var və özü də qəbul edilə biləsi üzrlərdəndir.

Hərçəndi burada arvad-uşaq da var, bunların yanında bəzi söhbətləri eləməli deyil, ancaq əlac yoxdur, keçib.

Bir də ki, elə arvad-uşağa da hər sözü eşitmək lazımdır, çünki: bilmədiklərini bilər, öyrənər, məlumatlarını artırarlar. Mən deyirəm ki, “mənim üzrüm var”, ancaq siz bilmirsiniz ki, mən nə üçün üzrüm var deyirəm.

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm məni 18 yaşında evləndiribdir, indi bu saət düz tamam-kamal otuz üç yaşım var, yəni mən on üç il bundan qabaq gözümü açıb, Kabla Pirməhəmmədin qızını öz evimizdə görmüşəm. Tamam bu on üç ildə gecə-gündüz Səkinə ilə bir yerdə olmuşuq.

Bağışlayın, yanınızda bir az utanmazlıq eliyirəm, üzrüm var. Səkinə ilə bir yerdə o qədər olmuşuq, o qədər olmuşuq ki, indi daha məsələ ayıb da olmasın, gecənin bir vəqti öskürək dutub yuxudan oyadanda ki: ayıb da olmasın, əlim Səkinəyə sürtüşür, əsla ürəyimə gəlmir ki, yanımda yatan arvaddır. Əksinə, elə xəyal eliyirəm ki, həlbət qardaşım Həsənqulu yorğan tapmayıb gəlib girib mənim yanıma yatıbdır. Məsələn, yəni demək istəyirəm ki, mənim üçün indi yataqda, ya qardaşım Həsənqulu, ya Səkinə birdir, neçə illərdir ki, bir yerdə yatırıq ha a a a a.

Bağışlayın, üzrüm var, doğrudan insan arvad ilə o qədər bir yerdə yaşayır ki, lap doyur, lap gözü yorulur, axşam yat Səkinə ilə, sabah dur Səkinə ilə, danış Səkinə ilə, dalaş Səkinə ilə, bozbaş ye Səkinə ilə... Əlbəttə, axırda adam belə olar. Bəlkə siz təcrübə eləməmiş olasınız. Ancaq mən bunu çox təcrübə eləmişəm. Məsəla: görürsən bir atadan-bir anadan olan iki qardaş bir yerdə, bir evdə yola getmirlər. Yainki iki müsəlman bir-biri ilə siğə qardaş olub dost olurlar, çox çəksə bu dostluq çəkir altı ay. Və yainki müsəlman qardaş ortaq olurlar yenə həmçinin, beş gün çəkmir ki, ayrılırlar. Mən əvvəllər elə bilirdim ki, kim bilsin bunlar bir-birlərinə xəyanətmi eliyirlər, filanmı eliyirlər, behmanmı eliyirlər ki, ayrılırlar. Xeyra, sonra gördüm, qandım ki, belə deyil. Məhz ondan ötrüdür ki, bir yerdə o qədər yaşayırlar ki, axırda bir-birindən iyrənirlər. Bunu mən özüm də təcrübə eləmişəm. Vallah, bayaq da dedim, Səkinə elə mənim yanımda ya bir ağac, ya bir daş, ya bir qardaş... belə... Hə, xəbər al ki, Səkinə ilə elə əvvəldənmi beləsiniz? Yox, yox, o vaxtlar ayrı idi, oralarını hamı bilir. Bağışlayın üzrüm var, mənim sözümü qəribliyə salmayın, insan təcrübə ilə kamil olar. İndi mən öz təcrübəmlə belə tapmışam ki, əgər kişinin iki arvadı olsa, iş daha yaxşı olar. Dörd olsa ki, elə bil daha behiştdəsən, çünki niyə? Ondan ötrü ki, məsələn, gedib bir həftə birinin, bir həftə də o birinin i.a...

 

(mabədi var)

 

Dostunuz Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1914, N 25. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info