Qonaq Kitabı
MOİZƏ

“Məkkə yolunda hacılar faciəsi münasibəti ilə təqrir buyurulmuşdur.”

Zəmani ki, həzrət İbrahim əla nəbiyyəna və əleyhissəlam beytüllahi, yəni Allahın evini tikib qurtardı.

Allah tərəfindən həzrət İbrahimə səs gəldi ki, “Ey mənim Xəlilim! Çıx bir uca yerə və çağır dünyada, yer üzündə yaşayan cəmi müsəlmanları gəlsinlər mənim evimin ziyarətinə!” Həzrət Xəlil minacat eylədi ki: pərvərdigara! Hanı mənim səsimdə o qüvvət ki, bütün dünyanın müsəlmanlarını buradan çağırmağım ilə xəbərdar edəm, onlar mənim səsimi necə eşidərlər?! Səs gəlidi ki, “Ya İbrahim! Sən elə bu səsin ilə səslə! Mən onu müsəlmanların qulaqlarına yetirərəm!”

Odur ki, həzrət (yalan olmasın bilmirəm vallah Mina dağının başınamı, yainki bir ayrı hündür yerəmi) çıxıb səsləndi: Ey yer üzündə olan müsəlman kişilər! Gəlin Allahın evinin ziyarətinə (qorxmayın, hərçənd ki, yollarda ac qurddan daha yırtıcı çox müsəlman ərəb qardaşlarınız varsa da, o sizi dutub qoyun kimi boğazlayıb ətinizi kabab etsələr də qorxmayın) bu məhz imtahandan ötrüdür, sizi sınamaqdır, zahirdə sizi öldürürlər, lakin batində əsil arzu elədiyiniz cənnəti - əla illiyinə sizi nəql eliyirlər, həman etiqad etdiyiniz molla naqqallar bunlardır.

Bu nidanı yer üzündə olan bütün müsəlman kişilər eşitdilər! Ondan sonra həzrətin arvadı (vallah genə yaxşı yadımda deyil Hacər idimi, yoxsa Sara idimi) dedi ki, ya Xəlilullah, sən çağırdın ancaq müsəlman kişiləri. Bəs necə olar ki, möminə müslimə arvadlar bu nemətdən binəsib olsunlar, ha mənə də izin ver arvadları çağırım. Həzrət izin verdi (görəsən nə onuz həzrət izn verib?! Arvadın səsi də naməhrəm deyilmi?!) Cənab Sara, yainki Hacər hündür yerə çıxıb səsləndi: ey yer üzündə olan müslimə arvadlar, gəlin Allahın evini ziyarətə ki, sizə vacib buyurulubdur (etibarlı, namuslu, qanacaqlı arvadlara zülm eliyən kişilərinizdən ayrılmayın, onlar ilə bərabər siz də Ərəbistanın qumlarının üstündə al qanlarınıza bələnin, o arvadlar necə vəfadar olduqlarını o vəfasız kişiləriniz ilə o canavar ərəblərə göstəriniz!) Bu səsi də Allah təala cəmi müslimə arvadların qulaqlarına yetirdi, hamı eşitdilər! Həzrət İbrahimin oğlu həzrət İsmayıl o vəqt balaca uşaq idi, atasına dedi: ata, mən də uşaqları çağıracağam. Nə isə o da çağırdı. Onun da səsini cəmi uşaqlar eşitdilər.

Bunlardan sonra Allah lənət eləmiş kor şeytan məşriq tərəfində uca səs ilə səsləndi ki, ey müsəlmanlar! O səslər ki, eşitdiniz, onlara inanmayın (nəuzbillah), onlar doğru demirlər, hər addımınıza bir şəhid səvabı və hər mənzilinizə cənnətdə bir qəsr, 200 huri vermiyəcəklər.

Bu məlunun səsini də bütün müsəlmanlar eşitdilər! İndi hər kəs ki, o zaman həzrət İbrahimgilin səsinə inanıb, o adam şübhəsiz, Məkkəyə gedəcəkdir. Hər kəs ki, şeytanın səsi gələndə onun sözünə inanıb, o getməyəcəkdir. Şeytanın səsinə inananlar ilə müqəddəs səslərə inananları aramızda indi bu saətdə seçmək, tanımaq o qədər çətin bir şey deyildir. O zaman bəli deyən ruhlar indi milyon ərəb yırtıcıları da olsa və özü də təqin eləsə ki, onu doğrudan öldürəcəklər, genə o səsin dalınca gedəcəklər.

 

V a i z i: Axund Molla Əlfikar Xoyi

– adam dilinə tərcümə edən Məşədi Sijimqulu

 

“Molla Nəsrəddin”, 1914, N 8.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info