Qonaq Kitabı
MƏNİ SAYANI QURD YESİN

Bizim küçələrdə gündüz axşama kimi söyüşüb savaşmaqda olan tərbiyəli uşaqlarımız bir yerdə yığılıb oynayanda bir özgəsi istəsə ki, bu tərbiyəli uşaqların sayıb hesabını bilsin?! Onda görürsən ki, həman uşaqlar barmaqlarını tıxadılar qulaqlarına və bağıra-bağıra başladılar deməyə: məni sayanı qurd yesin, səni sayanı qurd yesin.

İndi adam gözünü açıb İranə, İran şəhərlərinə, Tehranə, Tehran küçələrinə baxanda görür ki, öküz boyda mollalar, heyvan boyda kişilər, qatır boyda arvadlar, üç çərək uzunluğunda olan saqqallı hacı və kərbəlayılar, qurbağalar, tısbağalar, atılıblar küçələrə, Tehranın küçələrinə və başlayırlar bağırmağa ki, bizi sayanı qurd yesin!.. Yəni necə qurd yesin?..  Yəni Mədəli kimi, Rəhim xan kimi, Mirzə Hüseyn kimi, daha bir çox əmsalı kimi qurdlar gəlib məşrutənin qoyunlarını darbadağın  eləyib ata-baba qaidəsincə yesinlər... niyə? Və nədən ötrü!.. Ondan ötrü ki, hökumət məşrutə təyin elədiyi təhrir-nüfus komissiyası, viranə İrannın, lüt, bambılı, bitli, sirkəli, yastıqulaq tatlarının hesabını-sayını bilmək istəyirlər.

Məni sayanı qurd yesin: bu məsəl, bu söz dədə-babadan qalma söz və məsəldir... dədə-baba, yəni kim? Və kimlərdən ibarətdi? Dədə-baba, yəni köhnə molla.

Bir nəfər molla, Seyid Abdullah adlı, bilmirəm hansı mütrübxanədən qavalı tulluyub çıxıb gəlib Tehranə və Tehranda yeməyə çörək tapa bilməyib, başlayıb özünə çörək və nüfuz qazanmaqdan ötrü avam camaatı tovlatmağa ki, təhrir nüfus üsuli-şəriətə müxalif və həramdır. Ona görə Tehran uzunqulaqları da tökülüblər küçələrə bağıra-bağıra deməyə ki: bizi sayanı və bizim sayımızı yazanı Mədəli qurdu yesin. Bəli, belə imiş! bir dədə-baba ki, bu bizim gözümüzün qabağında olan mollalar və köhnələr kimi imişlər?! Daha öylə dədə-babanın bundan artıq zibilləri ola bilməz imiş ki, yerin üzünə töküb gedə idilər.

Nə isə, ürəyi sıxmamaq lazımdır.

 

Şəmşirək

“Zənbur”, 1910, N 18.

 




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info