Qonaq Kitabı
ŞƏRAB İÇMƏK

Biz deyə bilmərik ki, şərab pis şeydir! Və bizə köməkçi olaraq çox müsəlman deməz ki, şərab içmək pis işdir. Bəlkə müsəlman aləminin üçdən iki payı deməz ki, şərab içmək pis işdir!.. Doğrudan elə biz də deyirik ki, şərab pis şey deyil! Çünki onda olan ləzzət və mənfəət heç bir şeydə yoxdur! Qoymur insan fikrə, xəyalətə düşüb ruhunu incitsin və tülkünü aslan edir, qorxağı igid eliyir, nökəri ağa ilə, gədanı əyan ilə, adnanı əla ilə, rəiyyəti xan ilə bir yerdə, bir süfrədə əyləşdirir! Hərçənd bu neçə sifətlər elə qumarbazlıqda da var ki, rəncbəri mülkədar ilə bərabər qoyub müsavi edir! Amma şərab lap özgə bir şeydir.

Bəli, şərab pis şey deyil, amma burası pisdir ki, adam bir az çox içəndə görürsən kefləndi: keflənəndən sonra da Allah bərəkət versin, nə çoxdu piştov, görürsən bayax qoburdan çıxdı, çıxan kimi də açıldı, açılanda da – görürsən yoldaşın əlini, ayağını qırdı, burası pisdir...

Şəraba pis demək olmaz, adamın ağzı əyilər, amma şərabı içəndən sonra adam özünü və sözünü bilmir və başlayır rus qızlarına sataşmağa, müsəlman uşaqları ilə zərafət eləməyə.

Mən özüm qabaqlarda şərab içərdim. Amma indi tövbə eləmişəm, dəxi şərab içmirəm, ancaq pivə, əraq içirəm, çünki bunlardan tövbə eləməmişəm. Və həmişə də mənzilimdən əraq əksik deyil, dükanın dalındaca qoyuram, hər yarım saətdə bir rumka gedib içirəm. Bala qardaşım dükanda saxlamağa razı olmayanda qonşunun mənzilində saxlıyıram.

Cəmi Yuropa həkimləri şərabın müzürr olmağın yazıblarsa da amma biz elə-elə sözlərə aldanıb şərabı pisləyə bilmərik. Bəli biz şərabə pis demərik və demirik də. Hərçənd ki, şəriətimizdə də nəhydir, ancaq yuxarıda Allah var, o bilir və görür ki, müsəlmanə şərab içmək çox yaraşır, çünki içən kimi gözləri qızarıb özü də igidə dönür.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, N 13.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info