Qonaq Kitabı
51-ci â„– dən MABƏD

Rəhmətlik babam Sarımsaqlı kəndindən söhbət açıb nəql elədi ki, bir əlli, on bir il bundan irəlibizim bu kənd bir yaxşı abad kənd idi və yaxşı keçmiş və gələcəyi bilən, öz cəmaətinin və övladlarının gələcək dərdlərini çəkən kişilər var idi. Səxavətli, mərhəmətli, istiqanlı, rəhmdil və dünya malına bənd olmayan adamlar idilər. Günlərin bir günü kəndimizə bir molla gəlib çıxdı, özü də İran əhli və mərsiyəxan idi. Məhərrəmlikdə bizə mərsiyəxanlıq eləməyə gəlmişdi. Kəndimizin ağsaqqallarından biri bu mollanı evinə qonaq apardı. O günü və o gecəni mollaya yaxşı hörmət, əkram, plov, çay, ilıq yumurta, filan qonaqlıq elədi və gecə də nümunədən ötrü... bir az mərsiyə oxudu, bəyəndik, gecə orada yatdı, elə ki, sabah oldu, biçarə ev sahibi baxdı gördü ki, cibində altmış manat pul yoxdur. Yazıq kişi başladı pulları gəzməyə. Nə qədər bu yana, o yana axtardısa da pullar tapılmadı. Dəxi güman eləmirdi ki, naizanbillah molla oğurluq eləyər? Bəli, tapılmadı, ama bu tərəfdən molla əl-ayağa düşüb bir rah giriz gəzirdi ki, qaçıb pulları bir yana çıxarda bilsin, xülasə bir hiylə ilə evdən əkilir. Babam sözünü bu məqamə yetirəndə mən hirsli-hirsli baxdım babamın üzünə və dedim: baba! Bu necə sözdür sən utanmıyıb mollanın haqqında deyirsən! Məgər sən müsəlman deyilsən, məüzbillah, mollanın da eybini açıb qiybətini eləmək olar? Səni müsəlmanlıqdan çıxardarlar? Bu nə böhtandır?

Rəhmətlik kişi gülümsünüb dedi: oğul sarsaqlama, mən yalan danışmaram, hərgah sözümə inanmırsan, bircə get Gəncə şəhərinə gör bir molla qazılıqdan ötrü neçə yüz manat rüşvət verir, bircə gör ki, xəlqin əqlini oğurlamaqdan ötrü (hərçəndi ki, əql yoxdur) bir molla toy məclisində özü otura-otura, toyda nə üçün tar, qaval və xanəndə var? – deyib bir hacını təhqir edir və toyda hacı ilə əl-ələ qalxır və və və qalan söhbəti gələn həftə.

 

(mabədi yoxdur).

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1910, â„– 7.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info