Qonaq Kitabı
KƏNDLİLƏRİN MƏİŞƏTİNDƏN

(Keçən nömrədən sonra)

 

Babam nəql eləyir ki, o günü orada qalıb sabah tezdən atı minib getdim Yabı kürd kəndinə ki, burada da genə mənim dostlarımdan biri toy eliyirdi. Atı sürdüm düz dostumun qapısına, nökər atı tutub çəkdi töyləyə, özüm də atın dalıyca töyləyə girib gördüm ki, töylədə əcəb həngamədir: töylənin bir tərəfində Gəncə şəhərindən və qonşu kəndlərdən gələn əməlli qonaqlar və xud kəndin bəyləri və dövlətliləri, koma-koma bağdaşqurma oturub qumar oynayırlar və bunların səslərindən, qışqırıqlarından – “Sən öl! Elə deyil! Belədir!” – demələrindən töylədəki heyvanlar da rahət ələf yeyə bilmirlər. Nə isə töylənin qaranlıq tərəfinə sarı getdim ki, atıma baxım görüm necədir! Gördüm oğlan! Burası Qarapet kirvənin meyxanəsindən daha yaxşı meygidandır, cavanlardan bir neçəsi burada heyvanlar ilə bir yerdə yatırlar və bir neçəsi də bir küncə qısılıb bir şişə arağı paylaşdırırlar. Xülasə, çıxdım eşiyə gördüm zurnaçı çalır və yabıları yəhərli olan ağlanlar da ortalıqda çıplaq yallı gedirlər. Təmaşadan sora getdim ağsaqqalların mərəkəsinə, oturdum gördüm söhbət eləyirlər ki, bir məktəb açsınlar və haman kənddə olan bir həkimnümanı damüəllim qoysunlar, söhbət gəldi yetişdi pul məsələsinə, biri dedi ki, pəh! Pul nəmənədi – beş manat mən verərəm, olmasın toyda qumardan udduğum yüz manatın beş manatı!! Biri dedi pəh, olmasın oğurladığım pambıqların pulunun on manatı!! Biri dedi olmasın filan, biri dedi behman... babam burada üzünü mana tutub dedi ki, oğul allah qoysa o məktəb açılanda səni o məktəbə qoyacağam!...

Rəhmətlik babam söylədi ki, mən bu himmətdə və bu keyfdə cəmaət hələ bu vəqtə kimi görməmişəm, xüsusən, belə bəyləri nə görmüşəm, nə də eşitmişəm, bəlkə bircə Salahlı və Azaramdəli bəyləri bunlara bərabər ola!!! Rəhmətlik kişi bu cür söhbətlərdən çox elədi və genə dedi ki, bir gün getmişdim “Fartdaxlı” kəndinə, gördüm cəmaət bir yerə yığılıb və kəndin əfəndisi də buradadır. Bir-iki ağsaqqal da ortalıqda adamlardan pul yığır. Əfəndidən xəbər aldım ki, əfəndi usta! Bu pul nə puldur? Əfəndi cavab verdi ki, bizim Qara çaqqal kəndinin qazısı, oğlunamı, qardaşınamı, toy eləyir! Bizə də nəmər göndəribdir ki, onun toyuna gedib pul verək. İndi qazı əfəndinin nəmər pulunu yığırıq ki, bir neçə adamdan göndərək qulluğuna. Qara çaqqal kəndinə...

Rəhmətlik babam gözlərini bərəldə-bərəldə, ağzını-gözünü oynada-oynada təəccüblü-təəccüblü söylərdi: və allaha, peyğəmbərə and içərdi ki, gözünün qabağında Fartdaxlı cəmaəti altı yüz manat pul və iyirmi dənə də qoyun elə oradaca hazırlayıb göndərdilər “Qara çaqqal” qazısının xidməti-şəriflərinə.

Rəhmətlik kişi ölənə kimi elə Fartdaxlı kəndinin adamlarının əfəndilərə bu gunə ehsan, itaət və sədaqətlərini min zəba-sitayişlə söylərdi. Mənim uşaqlıqdan elə bu cür söhbətlərə çox meylim var idi! Babama yalvardım ki, ay baba sən allah bir gün də öz kəndimizin adamlarından bir az söhbət elə, sən elə hey özgə kəndlərdən danışırsan, məgər bizim kəndimizin cəmaəti batmış imiş ki, heç olardan söhbət eləmirsən? Rəhmətlik babam güldü və mənim dalıma döydü! Pəh, pəh, pəh, oxudu, güləndən sonra burnunun və gözünün suyunu kürkünün qolu ilə silib hədisə başladı.

Mən də altdan yuxarı gözlərimi zillədim babamın ağzına (necə ki, iki min müsəlman bir yalançı dərvişin ağzına gözlərini və qulaqlarını tikirlər).

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, â„– 51.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info