Qonaq Kitabı
KƏNDLİLƏRİN MƏİŞƏTİNDƏN

Allah keçənlərinizə rəhmət eləsin, rəhmətlik babam sağlığı, otuz il bundan irəli ki, buğdanın putu bizim yerdə beş manata gedirdi, o vəqt mən 12 – 13 yaşında balaca çağa idim, bizim qazma damda cəmi külfətimiz rəhmətlik babamın başına yığılmışdıq qış fəsli olmağa görə qazma adamın yarma buxarısını o gün rəhmətlik dədəm dalında şələ ilə gətirdigi qara tikan odunu ilə doldurub, alışdırıb, alovlandırmışdıq, buxarı haman kaxamı kimi dəm verirdi, altmış yerdə dəlik-deşiyi olan qara qazma Gəncənin tün və xas hamamlarından da isti olmuşdu, eşikdə o günü yağış olan yarım arşın qalınlığındakı qarın və Qarabağ tərəfdən əsməkdə olan (şiddətli) rüzigarın insan dondurucu savuqu bizim külfətimizə əsla əsər etməyirdi.. Buxarının sağ tərəfində rəhmətlik babam, sol tərəfdə rəhmətlik nənəm, nənəmin yanında rəhmətlik anam, anamın yanında iki bibim, və səkkiz yaşında olan məndən dörd yaş kiçik bacım (ki, o günlər də qonşumuz Məşədi Qulam Hüseynə kəbin eləmişdik) oturmuşdu, babamın yanında rəhmətlik dədəm və onun yanında əmilərim Məşədi Mikayıl ilə Cəfərəli oturmuş idilər və iki gün ondan irəli kiçik əmim Məşədi Hümmət öz kəndlimiz Kəblə Haqverdi Tanrıqulu oğlunun qapısından gecə vəqti oğurluyub gətirdigi iki yaşar bir inək düyəsini öldürüb, ətindən bir yekə xəmir tabağı kabablıq doğruyub, duz, turşu və soğan vurub, qabağımızda şişlərə çəkib verirdik rəhmətlik babama və babam da ocağın üstünə qoyub, ağzının, burnunun, gözünün suyu bir-birinə qarışa-qarışa (Sağ ol Məşədi Hümmət! Elə mənim yurdumu sən tutacaqsan!) deyə-deyə bişirib verirdi bizə yeyir idik. Və hərdən bir də bir yağlı yekə tikə babam öz ağzına qoyurdu və iki saətə kimi ağzında o tərəfə bu tərəfə aparıb gücbəla ilə ötürürdü içəri! Çünki ağzında bir dənə də dişi yox idi...

Kabab yeyilib qurtarandan sonra babam namazı qılıb və allahın verdiyi nemətlərə şükr edib, genə oturdu öz yerində və ocağa bir neçə kötük qoydurub, başladı cahıllığından və cavan vəqtdə başına gələnlərdən bizə bu cür söhbət eləməyə:

 Babam o gecə bu sözləri bizə nəql elədi.. ki oğullarım! Mən nə qədər dünyada yerlər gəzmişəm və kəndlər, şəhərlər görmüşəm və ğeyrətli-himmətli adamlara rast gəlmişəm, nə qədər qaçaq və quldurlar ilə oturub durmuşam, nə qədər imandar kişilər ilə yoldaş olmuşam, bir yanı Araz və bir yanı Kür çayları, nə qədər kəndlərə diqqət ilə göz gəzdirib baxmışam, mən hələ ömrümdə indiyə kimi Alası bağlı, Yabı kürd və Fartdaxlı kəndlərinin adamları kimi imandar, himmətli və sədaqətli-sağlam cəmaət görüb və eşitməmişəm. Sizin yadınıza gəlməz, o vəqt siz uşaq idiniz. Bir gün “Alası bağlı”dan mənim köhnə dostum Hacı Gözəlinin nökəri gəldi ki, ağam səni toya dəvət eliyibdir, mən də haman saət durub qarabinə tüfəngi çignimə salıb və əyri qılıncı aşırıb, barıt dəbbəsini toqqamdan asıb atı yəhərləyib minib yola düşdüm, getdim düz Hacı Gözəlinin evinə yetişdim, Hacının oğulları atı tutdular və bağladılar, içəri girdim, gördüm bir neçə ağsaqqal və molla və dostum əyləşiblər. Salam verdim, mana yer göstərdilər, əyləşdim və bir qəlyan doldurub çəkə-çəkə dostumdan xəbər aldım ki, qardaş toyu qardaşınamı eləyirsən? Yainki oğlunamı? Dostum qımışmış üzümə baxıb dedi: xeyr a... a kişi sən bilmirsənmi ki, mənim evdə ancaq üçcə dənə arvadım var? Bunlar da lap qocalıb əldən düşüblər. İndi ona görə ki, bunlar iş görə bilmirlər, bizim Kabla Hüseynqulunun qızını özümə kəbin eləmişəm ki, işi bir növ girliyə bilsinlər!... Dedim: allah çox-çox xeyir versin və allah sənin imanını kamil eləsin ki, şəriəti əmələ gətirirsən. Bizim dağılmışda bir arvaddan artıq arvad almaq olmur. Xanpərilər başımızı kəfgir ilə yarırlar. Orada olan mollalardan biri mənə məlum elədi ki, buralarda bir arvadlı kişi tapılmaz.

Xüsusən bu Alası bağlı kəndində. Bəlkə kasıb-kusublar və əlindən qız qaçırmaq gəlməyənlər bir arvada qənaət eliyə... mən ki, kənd mollasıyam, üç arvadım var... babam bir ah çəkib dedi: oğullarım, mən belə müsəlman adamlar hələ heç yanda görməmişəm. Məgər İranda...

 

(dalısı olacaq)

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, â„– 50.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info