Qonaq Kitabı
VƏSVƏSƏ

Hərdən bir allah lənət eləmiş şeytan gəlir durur başımın üstündə başlayır mənə vəsvəsə eləməyə ki, sən gəl bu müsəlmanlara sataş! Deyirəm ay məlun əl çək məndən, müsəlmanlara mən niyə sataşım? Başlayır ki, sən götür yazginən ki, Gəncədə kəlisa karvansarasında olan “Pələ Yusif” (tün həmamında) iyirmiyə qədər balaca məsum uşaqların gözünün qabağında fütəsini... bir dəlləyə iki şahı pul verib.. həyasız... həyasız! Deyirəm ay məlun, açıl başımdan, mən nə eliyim ki, “Pələ Yusif” Amerika və Afrika vəhşilərindən də vəhşi və alçaqdır!..

Məlun genə əl çəkmir, başlayır ki, indi də yazgilən ki, Hacı usta Bağır ağa mənbərdə, o pak mənbərdə öylə murdar sözlər danışır ki, hətta Marağanın dünbək çalan lotuları da öylə sözləri danışmağa utanar... cümləsindən ağa minbərdə bu cür nifrin eliyir! Pərvərdigara, sən cəmi oruc yeyənləri... naxoşluğuna düçar elə əlx. Peyğəmbərlər dua elərdi ki, allah bəndələrini belə-belə naxoşluqlardan uzaq eyləsin! Amma vərasətülənbiyalar indi əksinə dua eyliyirlər... (amma öz aramızdır, deyəsən ağalar dərd əhlidirlər)... Burada başımı yuxarı qaldırıb deyirəm: ay sənə allah lənət eləsin, bu cür sözləri mənə yazdırtma, ayıbdır; məndən rəncidəxatir olarlar, deyir sən yaz, nə işin var, qorxma!! Deyirəm nə yazım, deyir yaz ki, Gəncə qazılığına Fəxrəli kəndinin mollası Molla Abdullah da ərizə verib, Danabaş kəndinin yüzbaşısı da, Qarabağdan bir bəy, Bakıdan bir qoçu, Nuxudan bir möcüzə-nüma şeyx, Ordubaddan bir qırmızısaqqal, Gəncədən də bir neçə baqqal, çaqqal... genə deyirəm ay məlun, cəhənnəm ol get, məni tovluyub xataya salma! Deyir xata-mata yoxdur, sən yaz! Deyirəm axı daha nə yazım? Deyir: yaz ki, Gəncədə qulluqdan kənar olunmuş bir bəy əlində 3 – 4 yüz manat pul, girməyə yer axtarır. Deyirəm yox-yox bunu yaza bilmərəm. Deyir, yaxşı bunu yaza bilmədin! Di bunu yaz ki, molla Məsum müctəhid tamam iki min hədis və nağıl hazırlayıbdır ki, bu orucluqda camaata söyləsin və hədislərin hamısı siyasi məsələlərə dairdir. Əksər hədisləri bu mənanı verir ki, cəmi yeniyetmələr laməzhəbdir, bidindir və cəmi qəzetəyə və jurnala yazıçılıq edənlərin qətli vacibdir. Və genə yaz ki, usta Bağır gələndən bəri Molla Məsum ağanın bazarı bir az kasaddır... axırı görürəm bu məlun şeytanın sözü qurtarmayacaq! Acıq ilə qələmi tulluyub deyirəm: allah sənə lənət eləsin, vallah daha ölsən də yazmayacağam.

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, â„– 35.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info