Qonaq Kitabı
TƏRBİYƏ

Allah sizin də ölənlərinizə rəhmət eləsin, rəhmətlik atam öləndən sonra ki, mən yetim qaldım, anam məni çox döyərdi, hey görərdin elə burnumun suyu axa-axa küçədə darvazanın ağzında durub ağlayıram. Mən çox xərdəcan idim: gah evdən anamın burnotu qutusunu oğurluyub aparıb nənəmə verərdim, gah da balaca uşaqları döyərdim, nə bilim gah da anamın atasına söyərdim və gah da anam aparıb məni qoyardı rəhmətlik Molla Haşım məktəbdarın yanına dərs oxumağa. Orada da uşaqlara sataşardım, Molla Haşım da ayaqlarımı qoyardı falaqqaya döyərdi, yenə qaçıb gələrdim evə. Anam nə qədər hirslənərdi, mənə söyərdi ki, gedim məktəbə, getməzdim. Ona görə də anam məni çox döyərdi...

Genə bir gün gedib qonşumuz Kərbəlayı Süleymanın bacasından evinə düşüb və evdə olan alma, nar, heyva, yumurta, qənd və bəhməzlərini oğurluyub oradaca yedim və istədim genə çıxıb gedəm, gördüm qapı eşikdən bağlıdır və bacadan da nə qədər çalışdım çıxa bilmədim. Bu halda Kərbəlayı işi duyub gəldi və məni evdəcə tutub o ki varsan kötəklədi. Və sobra da gəlib anama şikayət elədi, anam da mənə hirslənib istədi tutub genə döysün! Dəxi mən durmuyub qaçdım nənəmgilə, nənəmgilin qapısını qorxulu-qorxulu açıb hövlnak içəri girdim: gördüm nənəm və babam ikisi də oturublar və babamın su qabağından olan xor-xor qəlyanını doldurub, çəkirlər. Nənəm məni belə görəndə dizinə vurmuş ayağa durdu məndən xəbər aldı ki, nə var , belə eləyirəm: mən əhvalatı dedim, nənəm anamın dalınca bir az söyləndi: sonra gördü ki, mən çox bərk qorxmuşam! O saət şəhadət barmağını ağzına salıb damağımdan üç dəfə qalxızıb muşqurdu: və ondan sora məni gətirib yerə uzandırdı və çarşovunu üstümə sərib bir girvənkə pambuğu löləliyib düzdü başımdan ayağıma kimi: və plitkanı yandırıb dodağının altında söylənə-söylənə üstümdəki pambığı yandırıb qorxuluğumu götürdü...!

Babam da ayağa durub beli əlinə alıb yeri qazıb yerdə bir balaca dəmək kimi şey qayırdı və məni məcburən o balaca tülkü dəməyi kimi yerdən 3 – 4 dəfə o tərəfə-bu tərəfə keçirdib cəmi qada və bəladan xilas eylədi! Və dedi ki, dəxi bundan sora əgər it oğurluğuna da getsən, və əgər əjdahalar da üstünə hücum eyləsə genə qorxmazsan...

Həqiqət, mənim də bu dərmanlardan sonra ürəyim yerinə gəldi! Babam genə xor-xor qəlyanı çəkə-çəkə başladı mənə bu cür nəsihət eləməyə ki, oğul sən hələ uşaqsan, ancaq 16 sinnin olar: atalardan qalma məsəldir ki, oğurluğa gedəndə dayın evinə get, dutanda da döyməsin! Və bir də oğurluq eliyəndə elə elə ki, şeytan da bilməsin: sən baxma o zorba qaçaqlara, oğrulara ki, xalqın malını görə-görə aparıb və pristav da heç bir söz demir (olarınkı allah vergisidir).

Sən baxma Kərbəlayı Vəliyə, Məşədi İmana, Kərbəlayı Dəliyə, Usta Zamana, Kərbəlayı Məhəmmədə və və və...

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 32.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info