Qonaq Kitabı
GƏNCƏDƏN

Hörmətli Molla Nəsrəddin əmi!

Neçə gün qədim Gəncə şəhərində Zərabi küçəsində bir şəxs öz anasına ehsan verirdi: və məni də haman xeyratə dəvət eləmişdi. Bəndə həm saət 12-də getdim ehsan məclisinə daxil olub əyləşdim! Məclisin qədrində üç nəfər verəsəyülənbiya mollalarımızdan əyləşmişdilər: üçüncüsü isə İrandan neçə ay olur ki, tazə gəlibdir və özü də seyiddir. Bəli elə ki, xeyratə dəvət olunan adamlar hamısı gəldi cəm oldu necə ki, məlumdur ehsan olan qeydə quran oxunar: bir molla başladı bir sureyi-quran oxudu və oxuyub qutarandan sonra üzünü tutdu haman iranlı seyid mollaya ki, ağa dua və fatihə oxu – seyid molla duayı oxuyub fatihə deyən kimi üçüncü molla dik ayağa durub əbanın ətəklərini çırmalayıb ğəzəbnən məclisdən çıxıb getdi və nə qədər biçarə ehsan sahibi yalvardı-yaxardı isə də ki, ay molla sən allah otur xörək ye, ondan sonra gedərsən? Qəbul eləməyib getdi! O gedəndə dedi ki, qalsın molla həlbət bir keçinin də ayağı uzanır! Məgər mən dünən İrandan gələn molladan az bilirəm? Ki, dua və fatihə oxumağı ona deyib məni heç burada saymırsan da: vallahı əgər o pilov mənə dərman da olsa yemiyib sənin acığına burada da oturmayacağam, aləm mənə söysə də oturmayacağam vəssalam...

Molla əmi, uşaqlarına qurban olum, bircə məni başa sal görüm bu Arazda nə xasiyyət var ki, hər kəs bir az ki, adını yazmaq bilir, elə bəsdir ki, Arazı bu yana hoppansın, elə haman saət molla olur gəlir oturur bizim məclislərdə yuxarı başda və heç ondan soruşan yoxdur ki, kim səni molla elədi, haradan şəhadətnamə və təsdiqnamə alıbsan və kim səni tanır və sən kimi tanırsan və biz nə bilək nə quşun yumurtasısan.

Sən allah Molla əmi, məni başa sal, yoxsa bağrım çatlar.

 

Kəmtəriniz Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1907, â„– 38.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info