Qonaq Kitabı
MƏRSİYƏXANLAR

Vay-vay, daha bundan sonra biz nə qayıracayıq. Bilmirəm bundan sonra biz mərsiyəxandan ötrü bir də kimin üstə gedəcəyik:

Bizim Gəncədə lap mərsiyəxan qəhətliyi düşdü: bizim o gözəl-təmiz mərsiyəxanlarımız Gəncəni tərk etdilər.

Əhyana əgər sual eyləsəniz ki, kim idi sizin o gözəl mərsiyəxanlarınız? Onda kəmali-cürət ilə deyərik ki, məlun şeytan gəldi kişini tövladı apardı gözəl uşaqlar ilə aşna elədi və qanmaz cəmaət də elə bilirlər ki, biçarə molla uşaqbazdır. Allah lənət eyləsin, kor şeytan dübarə kişini yoldan çıxardıb bir arvada sataşdırdı. Mərsiyəxan biçarəni bir doyunca ağlatdılar.

Bəli, əgər genə sual eyləsən ki, daha kimdi o pak mərsiyəxanınız, onda hüzurunuza ərz edərəm ki, məşhur rozəxan oğlu mərsiyəxan Molla filan ki, məlun şeytan elə uşaqlıqdan bunun ilə düşmən idi və axırda bir keçən həftələrdə məlun iblis kişini çəkəəkə zor ilə aparıb salar bir özgə əcnəbi arvadın evinə ki, yazığı günah əmələ mürtəkib eyləsin!! Amma şükr olsun allaha ki, arvad çığırır, uşaqlar bağırır, adamlar tökülür qoymur kişini günaha mürtəkib olmağa: bir neçə cavan istiyirlər bunu (Mollanı) məscidə gətirsinlər ki, bir az da məsciddə öz müsibətindən xəlqə desin. Leykin sora genə, genə, məhz, məhz əmmamə və əbanın xatirəsi üçün aparmırlar, buraxırlar, bəli, bəli budur ki, indi biz başıaçıq qalmışıq.

Bu əziz vücudlar dəxi bu işlərdən sonra Gəncədə qala bilməyib getdilər. Amma.. amma bizi başıaçıq qoydular. Qorxum budur ki, dəxi Gəncəyə mərsiyəxan da gəlməyə: hələ allah bundan bədtərindən saxlasın.

 

Məşədi Sijimqulu

Molla Nəsrəddin”, 1908, â„– 27.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info