Qonaq Kitabı
ÖLÜ TUTMAQ

Molla əmi! Biz müsəlmanlar nə qədər ki, diriliyimizdə mərdimazar oluruq, iki o qədər də öləndən sonra mərdiməzar oluruq. Səndən də ayıb olmasın, mənim bir balaca oğlum var, sənin nökərin. Neçə gündür bərk naxoş idi. Nə qədər dava-dərman elədiksə, yaxşı olmadı. Axır bu neçə günlərdə atasına allah rəhmət eləmiş mənim bibim gəldi bizə çıxdı. Oğlumu naxoş görüb, anamdan sual elədi ki, ay qız Mələknisə, bu uşağın azrı nədir?

Anam dedi ay Xanbacı, vallah bilmirəm. Bibim dedi ay qız, baxıram uşağın gözləri saralıb, kirpikləri quş-quş olub və başının tükləri biz-bizdir. Yəqin uşağın bir ayrı azarı yoxdur, ancaq uşağı ölü tutub! Ya rəhmətlik babası, ya nənəsi, ya da bizim rəhmətlik Bədircahan bacım tutubdur. Dur bunu apar Qızxanım bacının yanına, bir iy falına baxdır. Hər kəs, ya hansı ölü tutmuş olsa, bilsin və desin görək ölü nə istəyibdir. Anam da gedib Qızxanım bacını gətirdib evimizə uşağın yanına. Qızxanım xala əlinə bir iy alıb və bir ələk qabağına qoydu və ələyin üstünə iki parça çörək və iki qırıx kömür qoydu və iyi bir nazik sap ilə tutdu ələyin üstə ortasında... və dodağının altında başladı mırıldamağa. On dəqiqədən sonra iyi yerə qoyub üzünü tutdu bibimə və dedi: Ay qız, uşağı rəhmətlik Bədircahan bacın tutubdur. Və özü də yuxa ilə halva istəyibdir. Tez olun bir qazan halva bişirib paylayın yeddi evli qonşuya, yoxsa uşaq iki günə kimi qalmaz, ölər!

Molla əmi, həman saət anam dirəndi üstümə 4 girvənkə yağ, 20 girvənkə un, 6 girvənkə şəkər, 2 misqal zəfəran məndəncə aldı və həman saət bişirib payladı yeddi evli qonşuya və qalanın da özləri alabaxta palıd udan kimi biyax uddular. İndi uşaq yaxşıdır Allah bibimin də və Qızxanım xalanın da atalarına rəhmət eləsin, yoxsa uşaq ölüb getmişdi! Bundan sonra mən belə-belə işlərə şəkk eləməyəcəyəm. Hə... onu deyirdim ki, müsəlmanın ölüsünü dirisindən mərdimazar olur, məni genə beş-on manat xərcə saldı.

 

Kənd xərciniz Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1907, â„– 27.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info