Qonaq Kitabı
AY MOLLA NƏSRƏDDİN ƏMİ

A kişi, sən Allah bir insaf elə, vallah, heç insaf eləmirsən, kişi, həyə mənim yazdıqlarıma inanmırsan, and içim səni inandırım ki, birin də yalan yazmıram, bu başım üçün, yalan yazmıram. Həyə başıma da inanmırsan, and olsun bizim kəndimizdə olan cindar Məşhədi Şaravanı xalanın tasına ki, tamamən sənə hər nə ki, yazıram biri də yalan deyil! Kişi, yoxsa sən də duymusan ki, mən kəndliyəm, tərəkəməyəm, qanacaqsızam, heyvanam, elmsizəm, nə olar, belə olanda, bunların eybi yoxdur. Səni and verirəm mənim bir dılqır başıma – mənim bu kağızımı çap elə!!!

A kişi, mənim bu Gəncə şəhərində bir rəfiqim var adı da yadımdan çıxıb, amma onu bilirəm ki, müəllimdir. Özü də mənim ilə həmşəridir, özü də gedib rus işqolasında dərs verir, bir həylə urusun, erməninin, gürcünün içində! O onlar ilə əl-ələ verir və onlarnan hələ çay da içir, daha nə bilim hələ rusca da danışır, adını qoyub müəllim, heç bir zaddan ictinabı yox, bununla belə mən biçarə peşiman oluram şəhərə gedirəm ya o bizim kəndə gəlir vay ola məni görə, yavaşca dutur əlimdən (xoş gördük) deyirəm: sağ ol deyib başlayır mənə ki, ay rəfiq sizin kəndiniz böyük kənddir və həmi də şəhərə yaxındır və həmi də kəndinizdə yaxşı kişilər də var və pullu adamlar da var və yüzə qədər məsum balalar da var ki, veyil-veyil küllüklərdə günlərini keçirdirlər. Haman pullularınız pullarını qumarə uduzub və cəriməyə və qaçaq qonaqlığına və həvayı nəfsə xərc edincə niyə bir məktəb açıb haman balaları məktəbdə oxutmursunuz ki, elmli ola və hansı dini məzhəbə qulluq edir onu bilə və müsəlman ola. Sizin kimi olmaya ki, adınızdan qeyri və libasınızdan başqa heç bir əməliniz, rəftərınız müsəlmanə, islamiyyətə oxşamır!! Və həmi də kəndinizə bir strajnik gələndə təmamən ağsaqqal, qara saqqal-əməlli, əməlsiz ayağə durub ona səcdə eləməyəsiniz və o da sizi belə heyvan kimi görüb atının başını bir az gec dutanda qamçının qabağına salıb püküm-püküm eləmiyə?! Dedim rəfiq nə məktəb? Dedi mən dərs verdiyim işqolanı görübsənmi? Dedim bəli. Dedi elə məktəb, dedim mən ölüm gəlib bizim o məktəbdə yalandan-palandan ay bu tazə üsuldur, bu da tazə musuldur deyib aydaca 40 – 50 manatı alıb sala bilərsənmi cibinə? Rəfiq biz nə ayda o 40 – 50 manatı vermirik, nə də məktəb istəmirik. Biz bundan sonra saqqalımızın bu vaxtında gedib yazı öyrənməyəcəyik ha, qaldı uşaqlar, eh biz öləndən sora canları çıxsın həlbət genə allah qoyar İrandan bir yaxşı molla gəlib çıxar, oxudar, uşaq bir quranı bildi, kifayətdir. Rəfiqim mənim bu sözlərimə gülüb dedi: dəsxoş Məşhədi. Rəfiqim genə başladı ki: “Hələ bir mana de görüm sən allah, ay Məşhədi biyə siz tərəkəmələr günün gün ortası kəndin içində mərəkəyə gələndə də, qonaqlığa gedəndə də, çəpər dibində yatanda da, məscidə gedəndə də hamınız mükəmməl müsəlləh tüfəng-patron çiyninizdə və qəmə piştov kəmərinizdə olur? Buralarda ki, adam öldürmək yox, dana qovmaq yox, yol kəsmək yox, qız götürüb qaçmaq yox, erməni daşnaqsaqanı yox, bir fağırın taxılın otarmaq yox, bir yazığın suyunu kəsmək yox, bir çərçinin 10 manat pulunu əlindən almaq yox, tüfənginizi göstərməyə bir yad adam yox!!! Mən ölüm, lotu-lotuyanə məni bu işdən başa sal!” – dedim. Rəfiq çox müşərrəf oldum, sən bu uştel uruslarnan çox durub-oturubsan, sənə dil yetirmək olmaz. Poyezdin vəqti keçir məni boşla gedim xudahafiz.

Doğrudan da çox uzun müşərrəf olduq, Molla əmi, bağışla!

 

Kənd xəbərçiniz Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1907, â„– 22.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info