Qonaq Kitabı
GƏNCƏ

 

 

A Molla Nəsrəddin! Belə ki, görürəm səndə çox işlər vardır. Sənin əlindən hər iş gəlir. Desən ki, yox, mən inanmayacağam. Mən bildiyimi bilirəm. Heç vaxt bildiyimi babama verməyəcəyəm. Sən kaşifi-müşkülatsan. Özün də çıxıbsan meydana bu yolda çalışırsan, imdi bizim də bir müşkülümüz var, gəlsənə onu da həll edəsən; müşkülümüz budur:

“İrşad”ın 143-cü nömrəsində Hatif imzalı bir məqalə var idi. Gəncə məktəbi-ruhanisinin illik imtahanı barəsində söyləyirdi. Məqalənin məzmunu oxuyanlara məlumdur. Dübarə təkrar etməyəcəyəm. Hər nə isə, məqalə məktəbin müəllimlərinə xoş gəlməzdi. Ona cavabi-rədd yazmaq istədilər. Amma bacarmadılar... nə qayırsınlar, kişiləri qınamaq olmaz, adam bacarmayanda bacarmaz, güc ki, deyil. Hər kimə üz tutudularsa da kimsə cavab yazmağa razı olmadı. İndi müəllimlər qərar qoyublar ki, hər kəs o məqaləyə cavab yazsa, ona hər birisi bir abbası versin.

İndi gəlsənə əvvəl allahın rizasını və ikinci millətin nəfini mülahizə edib o məqaləyə bir cavab yazasan. Canım nə üçün yazmayasan. Kişilər bir abbası pul verirlər və bundan əlavə yekə məktəbi-ruhaninin müəllimlərini müşküldə qoymaq olmaz. İndi özün yazmasan laməhalə orasını göstər görək ki, məqaləyə cavabı necə yazmaq olar. Qərəz, allah xatiri üçün biçarələri müşküldən qurtar.

 

Cüğallağı

“Molla Nəsrəddin”, 1906, â„– 14.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info