Qonaq Kitabı
ELMMİ, HİYLƏKARLIQMI?

Hörmətli mühərrir əfəndi, zeyldə yazılan bəndi möhtərəm cəridənizə səbt etməyinizi rica ediyorəm. Həmin gün bir yerdə bir nəfər şəxsi – bir alim və fazil qırmızısaqqal, mömin müttədin molla ilə mükalimədə gördüm, bunların mükaliməsini faidədəi əda etdiyim üçün – Ayineyi-geytinüma “Şərqi-rus” vasitəsilə kəşf etməyi lazım bildim. Gördüm həmin şəxs cənab mollaylə söhbət edir bu gunə:

A molla dayı, qurbanın olum sənə bir işim düşübdür, əl mənim, ətək sənin, mənim bircə gümüş kəmərim (toqqa) var idi, neçə gündür ki, oğurlanıbdır, allah rizası üçün ona bir əlac.

M o l l a – A bala, sən məni hələ yaxşı tanımayıbsa! Cəmi cinlər mənim əlimdədir, bu saət əmr edərəm lap yerini göstərərlər.

Ş ə x s – Molla dayı, balana qurban olum, bir elə iş elə ki, mənim malım tapılsın və oğru da rüsva olsun, ax...x...x.

M o l l a – Bəs elə də, bala, bir çuval buğda bu saət arabayə qoy və kirayəsini də ver göndər bizim evə, onda gör nə görərsən.

Ş ə x s – A molla dayı, bacım oğlunun da bir saəti oğurlanıb, onu da gətirdimmi?

M o l l a – Niyə durursan, göndər bu saət çağırsın.

Ş ə x s – A gədə (nökərinə) Cəfər, get Qasımı buraya çağır, tez, tez, tez!!!

Cəfər gedib Qasımı da gətirdi.

Q a s ı m – A məni niyə çağırıbsan?

Ş ə x s – A gədə, bu molla dayımı görürsənmi deyir ki, şeylərinizi tapacağam!!!

Q a s ı m – A molla əmi, təsəddüqün ollam, eylədirdi?!

M o l  l a – A yazıqlar, siz dünyadə nə görübsünüz ki, nə biləsiniz, bax gör indi molla əmin nə edəcək.

Q a s ı m – A molla ağa, başına dönüm, de tez ol.

M o l l a – A bala, sən də bircə çuval buğda qabaqca arabaya qoy göndər bizim evə, ta ki, mən arxayın öz işimdə olum.

Ş ə x s – A Qasım, molla dayı doğru deyir, mən də vermişəm.

Q a s ı m – Çox yaxşı, a Cəfər, a bala, get bizdən də bir çuval hazır elə sizinki ilə bərabər göndər.

Cəfər gedib bir azdan sonra gəlib:

-Ağa, ikisini də arabaya qoyub göndərdim.

Ş ə x s – Çox yaxşı, a molla dayı, xatircəm oldunuzmu, di tez ol!

M o l l a – Həman saət bir cam su qoyub və yanında bir balaca uşaq oturub başladı dodağının altında pıçıldamağa.

M o l l a – (uşağə) Gəldimi?

U ş a q – Gəldi, gəldi, o dur a! Odur a, bir yaşıl paltar adamdır.

M o l l a – Əlində nə var?

U ş a q – Bir ağ uzun şeydir!

M o l l a – Kimlərdir...

U ş a q – A molla ağa, qaçdı, qaçdı.

M o l l a – (oxuyur) Gəldimi?

U ş a q – Gəldi, gəldi, vay bir ağ paltar adamdır, əlində bir yumru şey var.

M o l l a – Saətdir, saət, yəqinən!

U ş a q – A molla ağa, genə qaçdı...

M o l l a – Zərər yoxdur, bildim.

M o l l a – Mən gedirəm, qonşularınıza deyin ki, onlara bir həftə möhlət verirəm, bir həftədən sonra gələcəyəm və bir qız var ki, həmişə cinlər ilə gəzir, onu da gətirəcəyəm. On beş manat da onun həqqülqədəmidir, onu da onlardan alacağam. O şeylər də ki, haraya basdırıblar tapıb çıxardacağam, onlar biabru və rüsvay olacaqlar ha, məndən deməkdir, hər kəsin vəbalı öz gərdəninədir, - deyib durub getdi. Dişarı çıxanda ahəstə: “Əhməqlər! Mənə buğda lazımdır, aldım... sizə şey tapacağam? Əgər tapsan, tapa bilsəm öz dədə-babam itirdiyi şeyləri taparam”!

Pərvərdigara, nə vəqt əql sahibi olacağız, nə vəqt qəflət yuxusundan oyanıb bu sahibi-əba və qəba qüttaültəriqlərin hiylə və məkrindən xilas olacağız? Bir belə kəməql bifikr, əhməq olmağımıza səbəb nədir, əcəba?!

Etiqadıma görə səbəb bunlardır: cəhl, nadanlıq, elmdən qaçmaq, qəzetə oxumamaq – dünyanı və dünyadə olanların əhvalını və fərasətini bilməmək. Böylə yol kəsən mollaları övliyayi-allah sözləri kimi vəhyi-münzəl dərəcədə bilmək.

 

Əli Məhəmmədov (S.)

“Şərqi-rus”, 1904, â„– 167, səh. 3.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info