Qonaq Kitabı
GƏNCƏ UYEZDİNDƏN

Avqust ayının 30-cu gecəsi, saat on birə iyirmi dəqiqə işləmişdi. Öz xanəmizdə oturub gözəl və göyçək olan “Şərqi-rus” cərideyi-fəridəsinin o günkü gündə gələn nüsxəsini qabağə qoyub artıq dərəcədə kəmali-məsərrət ilə göz önündən keçirməyə məşğul idim və hər bir kəlməsindən bir rahatlıq və bir əmniyyət bəndəyə hasil olur idi. Nagah bu halda bir kərə qulağıma dəhşətli və vəhşətli beş-altı tüfəng sədası gəldi. Sərasimə olub filhal dişariyə çıxıb qulaq asmağa başladım bir dəfə də genə əvvəlkindən ziyadə tüfənglər atılıb və qışqırıb-haray sədası kəndimizi səslə doldurub (allah sən saxla) deyə vəqə məhəllinə yügürüb gördüm: cəmi kişi cəm olub danışmaqdadırlar ki, ağız deyəni qulaq eşitməyir. Bir nəfərdən sual elədim ki, nə hadisə yüz verib? Cəvab verdi ki, həmin saət Əli Məşhədi Fətəli oğlunun üç rəs madyan atlarını üç nəfər oğru adamlar gəlib və atları minib darvazadan çıxan halda məzkur Əli Məşədi Fətəli oğlu xəbərdar olub əli silahsız, atların dalınca yüyürüb oğrulardan geri almaqdan ötrü haray edib, çığırır, bağırır isə də fəqət oğrular dayanmayaraq atları tünd sürüb qaçışmışlar. Ona görə xəlq cəm olub tüfəng atırdılar ki, çox adam gəlsin ta ki, oğrulanan atların dalınca getsinlər bəlkə tez ələ gətirələr...

Xudaya, nə vəqtə qədər insanlar vəhşi canavar və qurd kibi olub və qabiliyyəti-elm və mərifətdən və qanacaqdan uzaq və həmişə fikirləri qan tökməyə və oğurluğa və rahzənliyə və mömin qardaşlarımızı incitməyə həris olub, bu qəbih əməllərindən, bu namərbut işlərindən əl çəkib allah-təalanın müqəddər buyurduğu ruziyə qənaət edib və həlal kəsb edib elmi-mərifət ilə, düzlük və doğruluq ilə yaşayacaqlar. Qulaqlarımız gündə, saətdə min dəfə müsəlman qardaşlarımızın böylə qəbih işlərini eşitməkdədir. Və qonşu olan qeyri millətlərin min cürə tərəqqisini eşidib və gözlərimiz görməkdədir.

 

••

 

Sentyabr ayının 2-ci gecəsi Dəliməhəmmədli vağzalında ot bağlayan maşınlar var ki, ot bağlayıb Bakıya və Batuma göndərirlər. Həmin maşınlarda işləyən İran təbəəsindən İbrahim adında bir adam həmin gecə öz işlədiyi maşının yanında yatıb uyquya gedib, gecədən bir neçə saət keçmiş iki nəfər adam əllərində berdanka tüfəng, öldürmək qəsdilə məzkurun başı üstə gəlirlər. Və tüfəngləri rast bunun başından gözətlərlər atarlar. Lakin hər nə cürsə məzkurun başından dəyməz. Sol qolunu güllələr tamamilə qırar, qatillər bunun ölməyini yəqin edib qaçallar. Sonra orada olan adamlardan bunun hərayinə yetib və qeyri mənzilə nəql edərlər.

 

••

 

Bu sentyabr ayının 6-cı günü Gəncə uyezdində olan qaçaq dəli Əli öz dəstəsi ilə Ağasıbəyli adlı kənddən bir neçə at qovub Qur çayı adlanan bir çay var oraya sarı apararlar ki, Qurçay deyilən çay bir bərk və qamışlıq olan yerdir. Haman çayda düşüb dincəlib və bir qoyun kəsib ət yeməyə başlarlar. Bu tərəfdən at sahibləri həmin qəryədə olan on iki nəfər istrajnik ilə bərabər atların rəddini (izini) götürüb dop-doğru Qur çaya sürüb gəlib qəflətən dəli Əlinin üstünə çıxırlar. Dəli Əli və adamları əhvalı bu növ görəndə əl-ayağə düşüb hər kəs tüfənglərini götürüb və gələn istrajniklərin üzərinə çığırıb tüfəng atmağa başlarlar. İstrajniklər də bunları gülləyə basıb şiddətli güllələşmişlər, bu əsnadə Qaramusalı və Hazırəhmədli və Suçu kəndlərində postda olan istrajniklərə xəbər yetirmişlər. Bunlar da iyirmi beş istrajnik imişlər, bunlar da orada olan istrajniklərin imdadına çatmışlar. Dəli Əlilər də həm özlərinə bir münasib mövqe işğal edib yarım saət peydərpey atışmışlar. Dəli Əlilər işin axırında qorxub ki, dübarə qoşun gəlib bunları dəxi də əhatə edib öldürərlər. Öz mövqelərindən çıxıb qaçmaq istəmişlər, bu halda istrajniklər onları gülləyə basanda onlardan üç nəfəri atdan əl çəkib piyadə qaçmışlar. Və bunlardan bir istrajnik ölmüş. Və bir at yaralanmış. Aralıq bir az sakit olanda qaçaqlar hamısı səkkiz nəfər qəmişlik ilə başıaşağı səlamət getmişlər. Qaçaqlardan qalan üç atdır və bir neçə yapunçu və xurcun, bu cür şeylər.

 

Əli Məhəmmədov (S.)

“Şərqi-rus”, 1904, â„– 164, səh. 3.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info