Qonaq Kitabı
ÖZ MÜXBİRİMİZDƏN

(Gəncə uyezdindən)

 

Bu avqust ayının 26-cı gecəsi havanın yüzü açıq olub və göydə yıldızlar parlarkən şimal-şərq tərəfdən gözəl nəsim əsməkdə idi ki, cəmi ruhlara səfa bağışlardı. Kəndimizdə o günkü günün hərarətindən, istisindən bulaşan gözlər və patlıyan ürəklər – dünyadə ən sərin və ləzzətli olan rahətbəxş yuxunun arzusunda idi ki, bir belə sərin və xoş havada uyquya gedib rahət olsunlar. Gecədən bir neçə saət keçmiş hamu gözlər uyquya varıb və heç kəsin dünyadan xəbəri olmayan halda... bizim müsəlman qardaşlarımızın igid tərrarları və oğruları bu cür gözəl gecəni yatmaq və böylə əsməkdə olan nəsimdən fərəh və qəşəng ağaclarımızın yarpaqlarının xışıltısından ləzzət aparmaq istəmirlər!!! Yerlərindən qalxıb gözlərini ovalayıb onun-bunun üstə hücum edirlər. Kəndimizdə bir fəqir İsmayıl var. Məzkur İsmayılın dolanacağı nə növdür və nə fəqrü faqəliq ilə rüzgar keçirdir xudayə əyandır – beş il müqəddəm biçarə İsmayılın tək vahid bir inəyi vardı. Bu biçarə bu inəyə nə növ mütəvəccöh olub üstündə əsə-əsə və arxasında şələ ilə ot daşıyaraq ab, ələf yedirdib saxlayıb ta bir müddətdən sonra bu inək bir bala doğub İsmayıl kişinin uşaqlarına süd və qatıq verən dəmdə bunlar üçün bir yekə bayram oldu, o müddətdən imdiyə kimi biçarə İsmayılın bu inəkdən və bu inəyin balasından doğub artıb altı-yeddi baş heyvan əmələ gəlmişdi. Həmin igid oğrular biçarə İsmayılın gözlərini xabi-ğəflətdə görüb başlarının üstündə cəmi sirləri bilən və cəmi felləri görən allah-təalanı kor olmuş gözləri görməyib, biçarə İsmayıla rəhm eləməyib həman 6 – 7 baş heyvanın hamısını ev həyətindən dişarı çıxarıb apararlar, lakin kənddən çıxan vaxt həmin əvvəlki inək ki, İsmayılın balalarına süd verirdi, kəndin kənarında qalıb mabəqisini yığışdırıb apararlar! Çün haman gözəl gecə gedər, səbah olar, biçarə İsmayılın balaca oğlu durar ki, mallarını sağdırıb otarmağa aparsın. Malları – heyvanları həyətdə görməz, heyvan bu yana, o yana qaçar, nə qədər cöstcu edər və sorar isə də bir xəbər bulamaz. Qayıdıb öylərinə dədəsinin yanına gələr, çağırar, səslənər: dədə, ay dədə, belə vallah mallarımızı, heyvanlarımızı aparıb öyümüzü yıxdılar, nə qədər gəzdim heyvanlarımızı tapammadım. Yox, a bala, iraq candan ki, malımızı aparalar, inşaallah aparmazlar. Əlbət heyvanlar özləri çıxıb gediblər. Yoxsa biz bir fəqir adam, bizim malımızı kim aparar. Yox, ay dədə elə bilmə sən indi bu zəmanədə zalimə heç kim dəymir. Qorxuram, amma bizim kimi fəqirlərin malını aparıb yeməyə nə var. Bizim çağırmağımız və bağırmağımıza kim baxar, kim rəhm edər, kim qorxar? Mənim ürəyimə damıb, yəqin bilirəm ki, mallarımızı oğrular aparıblar. Əlavə birdən yüzbaşıya şikayət eləsək, əvvəlcə bizdən pul istəyəcək. Atası dedi: a bala, ay oğul, bir az səbr elə , ağlama, görək allah nə istəyib. Biçarə İsmayıl ayağa durub çomağını götürüb ac qarına oğlu ilə özü, oğlu kəndin bir tərəfindən düşüb və özü bir tərəfindən, ta gün ortayə qədər gəzib aləmi axtarıb bir şey tapmadılar, məyus evlərinə qayıdıb gələr-görər ki, əvvəlki qoca inək qapıdadır. Pərvanə kimi inəyin başına fırlanarlar ki, ay allah sənə bərəkət versin bəs balaların hanı, harada qoydun, necə oldular? Mən sübhdəm sizi gəzirəm – biçarə heyvan nə bilir ki, nə desin? Biçarə İsmayıl ayağə durub gəlir kəndin bir neçə mütəşəxxis qolçomaq adamlarının hüzurinə, söylər: mənim bu gecə mallarımın hamısını yığıb aparıblar, axı mən fəqir, kasıb adamam. Allah rizasüyçün mənim malımı axtarıb tapdırın. Gəzməkdən ötrü nə qədər xərci də olsa bir adamdan borc alıb verərəm, ta malım gələndə birini satıb pul sahibinə verərəm. Nə mal gəzməkbazlıqdır, maldı getdi, getdi bir də qayıdarmı? – deyə bir mütəşəxxis cavab verdi. Üzün dutar o birinə: sən nə deyirsən, mənim mallarım getdi, uşaqlarımın boğazı qurudu, itən malın birisin mana ver, gedim tapıb gətirim, digər qolçomaq dedi: Ağsaqqal sən nə deyirsən, mənim malımı tapdırın ki, sabah, ya o biri gün məndən padşah xərci istəyəcəksiniz, o vəqt mən haradan bulub verməliyəm? Barı malım olsa birini satıb xərcimə, habelə borcuma verərəm. Ağsaqqal dedi:

Sağ ol, sənin malın olmamaqla səndən kim əl çəkər, səni döyə-döyə alacaqlar. Heyvanını yaxşı saxlayardın aparmayaydılar... Fəqirəm, fəqirəm, nə fəqirbazlıqdır, fəqir malını bərk yerdə saxlar. Biçarə İsmayılın bu növ sözlərlə dərdi və xiyalatı artdı və malının həm sorağına gedən müstəğriq fikr-xiyal və mat sərgərdan qaldı. Bəs xudaya, biz müsəlmanlar da nə vəqt qeyri millətlər kimi təsibkeş və ədalətli olacağız ki, təəssüb nisfi-imandır, nə vəqt bir-birimizə səbəb olub fəqirlərimizə kömək və zalimlərə nəsihət və cəza edib zülm eyləməkdən qaytaracağız? Haçan bu pis əməllər bizim ortamızdan götürüləcəkdir. Nə vəqt bu qarə bəxtlərimiz ağaracaqdır?

 

Əli Məhəmməd (S.)

“Şərqi-rus”, 1904, â„– 153, səh. 3 – 4.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info