Qonaq Kitabı
O, HEÇ!

Deyirlər ki, “Müsadimeyi-əfkardan bariqeyi-həqiqət doğar”. Yəni göydə buludların bir-birinə toqquşmasından ildırım əmələ gələn kimi, yerdə də fikirlərin bir-birinə toqquşmasından həqiqət ildırımı doğar.

Doğrudan da, belədir ki, var.

Məsələn, iki nəfər ədib bir şer üstündə mübahisə edirlər. Fikirlər bir-birinə toqquşur, müsadimə olur. Bir də görürsən ki, “bariqeyi-həqiqət” doğdu, məlum oldu ki, ədibin birisinin “altı atası varmış”. O ki, qaldı şerin yaxşılığına, ya pisliyinə - o heç!

 

Bəli, müsadimeyi-əfkardan bariqeyi-həqiqət doğarmış... Əlbəttə, məsələn, cəmiyyət işlərində iki nəfər başbilənin fikirləri bir-birinə toqquşur, mübahisə millətin irəli getməyi üstündə düşüb müsadimə olur və axırda “bariqeyi-həqiqət” doğub məlum olur ki, başbilənin birinin atası... imiş, o birinin də atası... imiş. O ki, qaldı millətin irəli getməyi – o heç!

Doğru deyirlər ki, müsadimeyi-əfkardan bariqeyi-həqiqət doğarmış. Bu cürə sözə şübhə edənin imanı kamil deyildir. Əlbəttə, məsələn, iki nəfər artist oyun xüsusunda mübahisə edirlər. Biri deyir ki, bu oyunda bu cürə hərəkət lazımdır, o biri deyir ki, yox, o cürə hərəkət lazımdır. Fikirlər toqquşur, müsadimə olur və “bariqeyi-həqiqət” yerə tökülür. Yox, səhv elədim, artistin birinin qanı yerə tökülür.

O ki, qaldı hərəkət məsələsi – o heç!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info