Qonaq Kitabı
AVTOMOBİL

Kərbəlayı Qədim küçə ilə gedirdi. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və “dala baxım” – dedikdə, örtülü faytona bənzər bir araba, atsız, öz-başına bunun yanından ildırım kimi küçdi. Bu araba avtomobil idi.

Kərbəlayı Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi:

- Allah şeytana lənət eləsin ki, kafirlərə bu cürə əməl öyrədir. Arabanı atsız yeridən bu kafirlər axırda hər şeyi şeytan əməlinə döndərəcəklər.

Yenə bir gün Kərbəlayı Qədim küçə ilə gedirdi. Gördü ki, bir araba küçənin yarısından palçığa batıb, atlar dartıb çıxarda bilmirlər. Arabaçı isə qırmancı doluyub bu atları döyür və harası gəldi vurur. Dilsiz-ağızsız heyvanlar qırmanc altında dartınırlar ki, bir tövr arabanı çıxartsınlar, lakin mümkün olmur. Arabaçı isə atların başına-gözünə döyür. Kərbəlayı Qədimin atlara yazığı gəlib arabaçıya dedi ki, ay zalım, axı bu heyvanlar yazıqdırlar, canları inciyir. Sən o dünyada bunların cavabını necə verəcəksən?! Bunu deyib öz-özünə fikr elədi:

- Allahın altında bir gün olaydı ki, bu heyvanlar insanın zülmündən xilas olaydılar!

O əsnada yenə bir heybətli səs gəlib, bir avtomobil bunların yanından şıdırğı ilə keçdi...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info