Qonaq Kitabı
SUAL-CAVAB

Sual. Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü heç yerli-debli olmaya?

Cavab. Bəli, olar! Məsələn, Bakı ilə Gəncə “Cəmiyyəti-xeyriyyələri”nin adları var, amma özlərindən heç bir əsər yoxdur.

 

*        *        *

 

Sual. Həsənqulu, nə qayırırsan?

Cavab. Dəstəmaz alıram!

Sual. Nədən ötrü?

Cavab. Dünən əllərimlə bir müsəlmanın başını kəsmişdim, indi Ağdaş vaizi Molla Səməd əfəndinin sözlərinə əməl edib, dəstəmaz alıram ki, əllərimin günahı rəf olsun!

 

*        *        *

 

Bir əcnəbi (kamali-təəccüblə). Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cahu cəlal ilə cənazəsini təşi edibsiniz və brlə atəşin nitqlər söyləyirsiniz?

Müsəlman. Bu ölən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir!

Əcnəbi. Bəs nədən vəfat edib?

Müsəlman. Deyirlər ki, acından...

 

*   *   *

 

Sual. Nədən ötrü müsəlmanlar bir bu qədər cəmiyyətlər düzəldirlər?

Cavab. Ondan ötrü ki, axırda “cəmiyyətin” adamları bir-biri ilə savaşsınlar.

Sual. Yaxşı, məgər ayrı yerdə “cəmiyyətsiz” savaşmaq olmazmı?

Cavab. Olar, ancaq “cəmiyyət” içində savaşanların hər biri “haqq, həqqaniyyət” və “millət” adına savaşıb, öz şəxsi düşmənçiliklərini pərdələməyə yol tapırlar.

 

*        *        *

 

Sual. O kimdir ki, yazıq camaatın alın təri ilə, əl zəhməti ilə hüsula gəlmiş bütün rizq və ruzusunu öz altına qoyub, nərildəyə-nərildəyə, guruldaya-guruldaya, xurdu xaş eləyir və özü də heç “doydum” demir, camaat da gendən durub tamaşa edir və yaxın durmağa qorxur? İndi deyəcəksiniz ki, Məmmədəli şah! Və ya İran xanları!

Xeyr!.. dəyirman daşı!...

 

*        *        *

 

Sual. Hacı Səfər, nə üçün bidamaqsan?

Cavab. Balam, üstümə kağız gəlibdir ki, gərək 3 gündən sonra 5 min manat pul verəm.

Sual. Paho, görünür ki, anarxistlər yazıblar!

Cavab. Xeyr, kağız bankdan gəlibdir.

 

*        *        *

 

Şamaxı yolundakı müsəlman gecə kurslarının müəllimlərindən birisi mənə rast gəldi. Gördüm binəvanın əhvalı çox pəjmurdədir. Soruşdum ki, nə olubdur?

Dedi: - Başım da ağrıyır, belim də!

Dedim: - Bəs səbəb nədir?

Dedi: - Başımın ağrımağına səbəb odur ki, başımda olan biliyi çıxardıb gecə kurslarının mütəəllimlərində verdim. Belimin də ağrımağının səbəbi odur ki, oradaca paltonumu da çıxardıb, vallah mən heç kəsə vermədim, amma hər kəssə, görünür ki, başımdakı biliklə bərabər, əynimdəki paltonu da istəyirmiş. Ona görə hər ikisini də aparıbdır.

Dedim: - Zərər yoxdur, biz müəllimlər nəşri-maarif yolunda elm və biliyimizdən başqa, hərdən bir paltomuzu da sərf etməliyik.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info