Qonaq Kitabı
HESAB MƏSƏLƏLƏRİ

(Zadaçalar)

 

1

 

Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmnanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə dənə “Tərəqqi”yə müştəri yazdıqmaq olardı?

 

2

 

Cəmi dünyada 100 minə qədər qəzet verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dənə qəzeti var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı, qəzetlərin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfus var).

3

 

İran məclisi il yarım davam etdi. Bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırardı?

 

4

.         .         .         .         .         .         .         .         .         .         .         .         .

.         .         .         .         .         .         .         .         .         .         .         .         .

 

5

 

Bir erməni-müsəlman davasından sonra müsəlmanlar 25 ədəd məktəb açdılar. Yüz məktəb açmaq üçün neçə dəfə erməni-müsəlman davası lazımdır?

 

6

 

Bir dənə Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə dənə Lyaxov lazımdır? (İranda 10 milyon adam var).

 

7

 

Hər bir müsəlman şagirdi sutkada 4 saat tərbiyə alıb, 8 saat da yuxu yatır. Qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?

 

8

 

Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?

 

9

 

Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: “Satdığın paltardan aldığın pulu məndən istəsəydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmış imiş?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info