Qonaq Kitabı
SUALLAR VƏ SUALLARA DA CAVABLAR

Sual. Dünyada hamıdan çox hürriyyətpərvər və azadlıqsevən adam kimdir?

Cavab. Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb bildiklərini eləməyə xələl yetirməsinlər.

 

*        *        *

 

Sual. Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?

Cavab. Zəngəzur acları, çünki hər biri bir manatın qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər.

 

*        *        *

 

Sual. Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir?

Cavab. Iran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdilər. Ona görə bunlar da səy eləyirdilər ki, vətəni kafir əlinə verməkdənsə, elə hazır özləricə soyub, dağıdıb kafirləri damaq qoysunlar.

 

 

Sual. Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?

Cavab. Pobedonossev adında bir urus idi. Amma nə fayda ki, kişi, canınıza sağlıq, bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları da urus edib, “yaxşı adam” olmaqlarına çalışırdı.

 

*        *        *

 

Sual. Dünyada rus hökumətinin lap bərk dostu kimdir?

Cavab. Dövlət dumasının “sol” firqələri, çünki bunlar əvvəldən indiyə kimi nökumət əhlinə deyirlər ki, Ay balam, ta siz yorulubsunuz, az iş görün, çıxın gəlin oyurun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik.

 

 

*        *        *

 

Sual. Dünyada hamıdan xoşbəxt hansı tayfadır?

Cavab. Yəhudi milləti. Çünki hara getsələr, onlar üçün vətəndir.

 

 

*        *        *

 

Sual. Nə vaxt adam öz evində qonaq kimi olur?

Cavab. Evini qaradovoylar obısk eləyəndə!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info