Qonaq Kitabı
ATALAR SÖZLƏRİ

Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vurana “rahat” olsun.

 

*        *        *

 

Yenə müsəlmanlarda bir məsəl var ki, yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.

 

*        *        *

 

Yenə müsəlmanlarda bir məsəl var ki, əl əli yuyar, əl də üzü. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Əl əli sındırar, əl üzün gözün tökər.

 

*        *        *

 

Yenə müsəlmanlarda bir məsəl var ki, əyri otur, düz danış. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardırki, həmişə düz və diz üstə oturub, əyri-müyrü sözlər danışırlar.

 

*        *        *

 

Yenə müsəlmanlarda bir məsəl var ki...

Müsəlmanlarda məsəl çoxdur, amma nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi... sözün doğrusu çox uzundur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info