Qonaq Kitabı
MÜHƏRRİR

Osmanlı “üdəba və mühərriri” zümrəsinə daxil olmağa layiq olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal:

“Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir, beləmi, əfəndim? Belə isə qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz, beləmi, əfəndim? Belə isə çox gözəl, əfəndim! Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmıyorlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmiyorlar, beləmi əfəndim? Belə isə, yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim, gəlin cavanların üstünə. Şu cavanlar heç mənim xoşuma gəlmiyor, əfəndim! Çünki onlar heç bir şey qanmıyorlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır, beləmi, əfəndim? “Əta” olundu sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsl millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim! İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan millətpərəstləri isə özümüzə yolgöstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Belə, belə əfəndim!”.

Doğrudur, bu sözlərdən bir şey anlamaq çox çətindir. Lakin nə eləmək ki, Allah-təala bizi “qanmaz” yaradıbdır...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info