Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Ey tanrı, dünyaya sənsən padşah,

Biz kiçik bəndəyik, sən böyük Allah.

Tək sənə sığınır hər yüksək, alçaq,

Hər varlıq yoxluqdur, sən varsan ancaq.

Yuxarı, aşağı - hər gözə çarpan

Nə varsa, onları sənsən yaradan.

Sənsən hər biliyi bizə öyrədən,

Torpağın köksündə qələm işlədən.

Sənin varlığına tapınca bürhan,

Ağıl ilk inandı sənə, yaradan.

Sən ağlın gözünü işıqlandırdın,

Sən doğru yollarda çıraq yandırdın.

Göyləri sən qurdun, ucaltdın, Allah,

Ona yer üzünü etdin güzərgah[1].

Sənsən bu aləmdə bir damcı sudan

Günəşdən işıqlı gövhər yaradan[2].

Gövhəri lütfünlə etdin aşikar,

Sərrafın əlinə sən verdin açar.

Daşların bağrına düzdün gövhəri,

Rənglərlə boyadın hər bir cövhəri.

Buludlar yağdırmaz, sən deməsən: "Yağ!"

Sən "bitir!" deməsən, bitirməz torpaq.

Özün də kimsədən kömək almadan

Yaratdın nə gözəl, səfalı cahan.

Istidən, soyuqdan, qurudan, yaşdan

Yoğurub yaratdın gözəl bir cahan.

Nə gözəl naxışlar vurdun xilqətə,

Ağıllar heyrandır bu məharətə.

Bu sirri mühəndis axtarır hər an,

Bilməyir ən əvvəl başladın hardan.

Uca sənətini seyr edirik biz,

Yeməkdir, yatmaqdır yalnız işimiz.

Hər nəyi bəzədin, var etdin yoxdan

Onlara ehtiyac duymadın bir an.

Sən elə qurdun ki, yerin işini,

Göyün, ulduzların bu gərdişini,

Göyə ucalsa da düşüncə, fikir,

Bu kəmənddən başı çıxa bilməyir.

Sən vardın varlıqlar olmayan zaman,

Onlar yox olacaq, sən qalacaqsan.

Sən düzdün göylərə şux ulduzları,

Insanla bəzədin hər bir diyarı.

Fələyi uca bir hasara aldın,

O yerdə idrakı kəməndə saldın[3].

Elə bir tağ vurdun daşsız, dirəksiz,

Düşüncə o yerə yol tapmaz, şəksiz.

Zatına düşüncə, ağıl əl atmaz,

Böyük qüdrətinə qüdrəti çatmaz.

Sənin varlığındır o laməkandan

Idrak elçisini hər an daşlayan[4].

Dağınıq deyilsən ki, birləşəsən,

Artıq da deyilsən, əskiləsən sən.

Xəyal da, nəzər də yolunda məhrum,

Nə qədər axtarsa deyilsən məlum.

Ey tanrı, sən hansı başı ucaltsan,

Əyə bilməyəcək onu bir insan.

Qəhrinlə hər kimin əysən boynunu,

Kimsənin köməyi dikəltməz onu.

Biz sənə bəndəyik, sənindir fərman,

Hər kömək səndədir, sənsən əl tutan.

Fildə, qarışqada zəiflik, qüvvət

Sənin əmrindədir, ey ulu qüdrət.

Sənin qüdrətindən qüvvət alınca

İlahi məhv edər zəif qarınca.

Yollardan tüstünü qaldırsan əgər,

Bir çibin Nəmrudun beynini yeyər[5].

Istəsən əzilsin düşmənin beli,

Quşlarla qırarsan əshabi-fili[6].

Gah kiçik nütfəyə qoydun qızıl tac,

Gah xırda çərdəkdən yaratdın ağac[7].

Gah Xəlil alırsan bütxanələrdən,

Gah dost yaradırsan biganələrdən[8].

Qiymətli cəvahir doğan bir evdən

Əbutalibi də çıxaran sənsən[9].

Kimdə var cəsarət, qorxundan sənin

Təslimdən başqa bir kəlam söyləsin?

Yanına yol tapmaz məxluqun əli,

Gizlin bir xəzinə sevməz məşəli.

Əsrarın hər zaman qalmaqçın gizlin

Bağlarsan dilini əsrar bilənin.

Sən məni yaratdın qara torpaqdan,

Sən verdin işıqlı ürək, təmiz can.

Aludə olsam da məndə yox təqsir,

Torpağın peşəsi aludəlikdir.

Günahdan qaçsaydı bu üzüqara,

Bəs kim yol tapardı bağışlanmağa?

Olmasaydı mənim günahım hərgah,

Sənə kim deyərdi: "Ey qəfur allah!"

Gecələr, gündüzlər, hər axşam, səhər

Qəlbimdə, dilimdə bir sənsən əzbər.

Yuxuya getməzdən əvvəl, hər gecə

Mübarək adını çəkərəm öncə.

Gecələr yuxudan qalxınca başım,

Anaram səni, hey axar göz yaşım.

Sənə üz çevirrəm hər səhər erkən,

Gecə də, gündüz də pənahım sənsən.

Hər zaman köməyə çağırram səni,

Qapından ümidsiz qaytarma məni.

Ey tanrı, dərdimə sən eylə əlac,

Bu möhtac kəslərə olmayım möhtac.

Hər zaman bəndəlik yoluyla gedən,

Zatına könüldən pərəstiş edən

Olsun bu dünyada xəzinənlə şad,

Qiyamət günündə əzabdan azad.

Insanı dünyaya sənsən gətirən,

Öldürən də sənsən, dirildən də sən.

Əldə nə hesabım, nə kitabım var,

Yalnız sən bilirsən nə hesabım var.

Yaxşının, yamanın açarı sənsən,

Yaxşılıq səndəndir, yamanlıq məndən.

Bağışla bir suçum varsa, ey allah,

Məndəndir yamanlıq, məndəndir günah.

Nə ki ilk naxışın sərgüzəşti var

Səndəndir, son söz də sənə qayıdar.

Kəsərli ayəni öyrətmək səndən,

Şeytanın gözünü tikməksə məndən[10].

Adın mehribanlıq etsə bir qədər,

Mənimlə oynaya bilərmi divlər?[11]

Yararmı söz açmaq səninlə məndən.

"Sən" demək, sonra da söyləmək ki, "mən".

Ya qayğı içində, ya sakit, aram,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info