Qonaq Kitabı
LEYLİ və MƏCNUN

Ey adı ən gözəl başlanğıc olan,

Adınla başlanır yazdığım dastan.

Sən, ey xatirəsi könlümə həmdəm,

Adın düşməmişdir dilimdən bir dəm.

Bütün varlıqları özün yaratdın,

Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl

Qələm tutmamışdır dünyada bir əl.

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir "təbarəkallah"[1]

Alqış cəlalına, feyzinə, Allah!

Yeddi qız, doqquz taxt qapında sənin

Olmuşdur daima pərdə çəkənin[2].

Ey öz varlığı da bilinməz hekmət,

Zahirə, batinə bir sənsən bələd.

Bütün bu canlılar, cansızlar ki, var,

"Yaran" deməyinlə yarandı onlar.

Hökmünlə ruh alır, əql alır bədən,

Yaradan da sənsən, öldürən də sən.

Ey sirr aləminin ulu məhrəmi,

Dolduran, boşaldan sənsən aləmi.

Sənin sifətində öz tərifin var,

Yox sözün yox olur, var sözün də var.

Əmri mütləq olan, ey böyük hünər,

Kainat əmrinlə iki bölünər.

Sən, ey möhtacların ürək dirəyi,

Böyük vicdanların sənsən diləyi.

Ən iti gözlərə sən sürmə çəkdin,

Bağlı qapılara özün baş çəkdin.

Ey ustad, göstərir yazdığın əsər,

Zamanı əvvəldən axıra qədər.

Ağasan, qulundur hər şey dünyada,

Sultan sən özünsən, başqası gəda.

Yolun, işığıdır əbədiyyətin,

Şəriksiz yaranmış bütün niyyətin.

Saysız yaratdığın nemətlər durur,

Bu sirri tapmağa acizdir şüur.

Lütfünlə hər şeyin qeydinə qaldın,

Dünyanı ən yarar bir şəklə saldın.

Axşamın qapqara, səhərin ala,

Atına göyləri yaratdın tovla[3].

Yeddi düyüm vurdun göylərə, birdən

Yetmişi açıldı, bu qüdrətindən[4].

Bir kül qaldıraraq torpaqdan həmən,

Onunla yüz ayna təmizlədin sən.

Hansı bir varağı yazdınsa əgər,

Ikicə hərf ilə dedin müxtəsər.

Bir dağ çapmadısa bu kaf ilə nun,

Göy adlı bir böyük Bisütun qurdun[5].

Hardasa dünyanın dövləti, varı,

Bu iki hərfdir onun açarı.

Yanlış bir hərf də yazmadın yenə,

Qoydun hər nöqtəni sən öz yerinə.

Sənin sənətinlə yarandı aləm,

Yoxdur bu sənətdə başqa bir qələm.

Lütf etmən yazığa, sığındım sənə,

Bir söz xəzinəsi bağışla mənə.

Xəzinən bu payla heç də azalmaz,

Başqa xəzinədə bu kərəm olmaz.

Şahlığın, qulluğun öz qismətindən

Hər kəsə bir dövlət, nemət verirsən.

Hər zülmün alovu, məzlumun ahi.

Bir sənə məlumdur, böyük ilahi!

Hələ yazılmamış kitabları sən

Oxuyub aləmə xəbər verirsən.

Əql büdrəmədə, kuyinsə-zülmat,

Yol da ki, tük kimi nazikdir, heyhat!

Köməyim olmasan, ya pərvərdigar,

Bu düyüm əql ilə necə açılar?

Əql işıq alır sənin qapından,

Yanar dərgahına girdiyi zaman...

Ey mənim əqlimə mənalar verən,

Mən axtarışçıyam, sən yol göstərən.

Yollarım qorxulu olsa da bu dəm,

Sən ki, rəhbərimsən qorxan deyiləm.

Yüküm çox ağırdır düşmüşəm gücdən,

Tükənmiş taqətim, de, neyləyim mən,

Nə qorxu, yoxsa da canımda qüdrət,

Sənin köməyinlə işlərəm, əlbət.

Lütfün ki, qəhrindən ayrı deyildir,

Yanında şərbət də, zəhər də birdir.

Əsirəm, şübhəsiz, hüzurunda mən,

Lütfünlə yaşaram, ölləm qəhrindən.

Qoy, içim mərhəmət şərbətlərindən,

Qəzəb badəsini mənə vermə sən.

Qəzəbin layiqsə əzəldən bizə,

Rəhmin də düşmüşdür qismətimizə.

Nə qədər nəfəsim çıxmamış candan,

Əlim ətəyində gəzirəm hər an.

Bir gün can evimdən çıxsa nəfəsim,

Dualar deyəcək adına səsim.

Ölüm səfərinə qoyarsam ayaq,

Adın vücuduma hünut olacaq[6].

Tozlara dönsə də bu aciz bədən,

Hər yerdə, hər zaman məbədim sənsən.

Ilahi, nə qədər dünyada sağam,

Sənin xatirənlə yaşayacağam.

Böyük dərgahına girdiyim zaman,

Neylər bu dərgahdan qovulmuş şeytan.

Boynuma asdımsa tilsimini mən,

Qorxmuram divlərin böyüklüyündən.

Mənəm dərgahında bir dilsiz ehram,

Sənin sorağında ləbbeyk vuraram[7].

Ehram sındıranlar çoxdur dünyada,

Bu şərdən məni gəl saxla, ey xuda!

Bəlalar gizlidir, bikəsəm, allah!

Varmı səndən özgə mənə bir pənah?!

Bir sənsən dünyada əlimdən tutan,

Nə versən qailəm, böyük yaradan.

O saf cövhərindən alsa bədənim,

Misim qızıl olar dünyada mənim.

Lütfündən bir işıq göstərsən, əgər,

Torpaq qızıl olar, su dürrə dönər.

Bir gövhər də olsam, bir saxsı da mən,

Hüsnüm bəzənmişdir sənin hüsnündən.

Libasım ətrinlə qoquyar müdam,

Buyam ya "dirəmnə" ya da "ud" olsam[8].

Qarşında nə dinim, nə taətim var,

Qapında boş əlim şəfaət umar.

Gəmim qərq olmamış qanlı sularda,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info