Qonaq Kitabı
YEDDİ GÖZƏL

BAŞLANĞIC[1]

 

Ey bu kainatın açan gözünü,

Yoxdur səndən qabaq duyan özünü,

Hər bir başlanğıcın ibtidasısan,

Sonların sonusan, intəhasısan.

Ey uca fələyi qurub qaldıran,

Ulduzlardan gözəl bir məclis quran,

Səxa xəznəsini icad eyləyən,

Varlığı yaradan, abad eyləyən,

Hər şeysən, ruh verdin sən bu cahana,

Səninlə işimiz düşər səhmana.

Varsan, yoxdur sənin mislin dünyada,

Özgə şey gətirməz aqillər yada.

Ağıl sahibləri önündə hər an

Surət bəzəməklə olursan əyan[2].

Bütün varlıqları yaşadır həyat,

Həyat da səninlə açır qol-qanad.

Sən ey bu varlığı yoxdan xəlq edən,

Nəva bəxş eyləyən, çalan, səslədən,

Adın – əvvəlidir hər bir şöhrətin,

Sonudur hər işin, hər nəhayətin.

Sayın əvvəlisən sən bu gedişdə,

Sonların sonusan hər axır işdə.

Səndən yaradılış kamala yetir,

Sənə qovuşmağa, zavala yetir.

Sənə yetişməyə acizdir xəyal,

Qapına qonmamış nə toz, nə zaval.

Doğulan sən deyil, aciz bəndədir,

Heçdir özgələri, qüdrət səndədir.

Xəyala yol verən, işıq saçansan,

Bir işarə ilə min yol açansan.

Sənə baş əymədi kim qafil oldu,

Dərhal qapısına qıfıl vuruldu[3].

Sübhün çırağını yalnız sən verdin,

Səhərə quş verdin, quşa dən verdin[4].

Bu qara pərdəni, ağ pərdəni sən

Tapşırdın Günəşə, Aya əzəldən.

Yolunu izləyən: gecə və gündüz

Sarayında qoşa qulundur, sözsüz.

İşləməzlər, şənin bilməsə layıq,

Nə Günəş, nə də Ay yaxşı, yamanlıq.

Yandırdın beyində ağıldan çıraq,

Elə bir çıraq ki, günəşdən parlaq.

Günəştək parlayan bu ağlın özü

Görə bilməz səni, kor olar gözü.

Bir yerdə ki ağıl ayaqdan düşə,

Xəyal nə iş görər, çox da əlləşə[5],

Can ki, cövhərdəndir, tənimizdədir,

Biz onu görmürük, o ki bizdədir.

Sən ki nə cövhərsən, nə də yerin var,

Xəyalmı dərk üçün səni qalxışar?

Biz deyil, sən bizə yol göstərənsən,

Heç yanda yox yerin, hər yanda sənsən!

Biz yeddi fələkdən çüzük bu darda,

Yeddi bayırdan da qaldıq kənarda[6].

Əqli-küll əmrində yol tapdı sənə,

Cürəti olmadı baxa üzünə[7].

Gündüzdən qaranlıq gecələrədək –

Hər şey rəhmətinə möhtacdır gerçək.

Sənsən dəyişdirən hər vəziyyəti,

Kimsənin bu işə çatmaz qüdrəti.

Sənsiz yaxşı yoxdur, olmaz yaman da,

Sənsiz yaşayarmı bir şey cahanda?

Ləlin atəşini, od rəngli ləli

Alıb daşa verdi qüdrətin əli[8].

Bu dünya, dünyanı hərlədən fələk

Hay çəkər qapında hər zaman qultək[9].

Pərdənin nəqşini hamı əks edər,

Əsil iş sənindir, bunlar bəhs edər.

Ulduz nə yaxşılıq, nə qan eyləyər,

Onları da işin heyran eyləyər.

Əgər eyləsəydi ulduz ömrü şad,

Onda hər münəccim olub Keyqubad,

Səadət içində sürərdi dövran,

Kim var ulduzları tanıyanlardan

Qiyasla xəznənə yol tapıb vara?

Verdin öz əlinlə nemət onlara,

O adamlara ki, beşcə ülkəri

Yeddidən ayıra bilməz hünəri.

İzlədim yolunu səyyarələrin,

Nə ki elmlər var, gizli və dərin

Oxudum, xəbərdar oldum da, vardım,

Varlıqlar sirrini yer-yer axtardım.

Səni tapan kimi yumdum kitabı[10],

Hamının sənədir gördüm xitabı.

Sənsən, hər varlığın içində sənsən,

Bütün canlılara həyat verənsən.

Yetişir sayəndə çörəyə insan,

Sən ucalt başımı, böyük Yaradan!

Məni bir gün belə sən ac eyləmə,

Özgə qapısına möhtac eyləmə.

Ruzidən ödəyən sənsən xilqəti,

Ancaq özün yetir mənə neməti.

Ağlım şey kəsəli mən səhv etmədim,

Sənin dərgahından kənar getmədim,

Qapıma yolladın nemətimi sən,

İstəməmiş verdin qismətimi sən.

Qocalmışam sənin öz astananda,

Yetiş imdadıma qorxunc zamanda.

Bu sözlər xətadır, bu nədir, aman,

Sən mənimsən, demək, mənimdir cahan,

Sərgərdan qoymuşdur bu dünya məni,

Sən xilas edənsən, qurtar bəndəni.

Kimin qapısında töküm göz yaşı,

Hamının sayəndə ucalır başı.

Nə qədər örtülü sirlər vardır,

Səndən gizli deyil, bu, aşikardır.

İnsanın məqsədi məlumdur sənə,

Yetir arzusunu sən də yerinə.

Çatdırmasan məni bu arzuma sən,

Səndən də qərəzsiz yaşayaram mən.

Səndə axtardığım istək yaxşıdır,

Sənə könül açıb demək yaxşıdır.

Sirri desəm yada, eylər xar məni,

Səninlə danışmaq ucaldar məni.

Sən, ey Nizamini bəsləyən Allah,

Qovma ki, qapına gətirmiş pənah.

Ucaltsın başını ilahi qüdrət,

Şadlıq tacı geysin ondakı himmət.

İşləri nizama düşsün, var olsun,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info