Qonaq Kitabı
MƏKTUB (131)

 

9 oktyabr.

 

Əzizim Məmmədəli!

 

Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Məhz o səbəbə Manyanın buraya gəlməyini mən eləmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.

Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə bir növ biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlə pis işlərə də insafının yanında sən cavabdeh olacaqsan.

Həmidə xanım sənə çox dua göndərir və səndən çox razıdır, mən də həmçinin. Amma ikimiz də sənin yanında xəcalət çəkirik ki, puldan yana sənə korluq verdik. Salamat qal.

Şəkil göndərirəm. İsmayıla da və Sergeyevə də kifayət göndərirəm.

 

Cəlil.  

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info