Qonaq Kitabı
MƏKTUB (122)

 

23 mart (1931).

 

Həmidə!

 

Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.

Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə xoşbəxtlikdən onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.

Midhət ayın 10-u üçün Leninqradın şimalına, Svir çayına təcrübə işlərinə getməyə hazırlaşır; on nəfər yoldaşı ilə. Xeyli məsrəf lazım olacaq, burada isə indi pul vermirlər. Təkcə palto 150 manatdır. Getməmək də olmaz (xaric elərlər). Bilmirəm, onu necə yola salacağam; necə olsa, gərək yola salam.

Uşaqların dərsi barədə Yusifxanınkı gətirmir. Rəşid yenə pis deyil; Murad isə bilmərrə oxumaq istəmir. Yusif xan məndən xahiş eləyir öyrənim görüm ki, Muradı burada hərbi məktəbə götürərlər ya yox? Nə mümkünsə eləyəcəyəm və ona yazacağam.

Kefiniz-halınız necədir? Ənvər doqquz illiyi qurtarmaq üzrədir və APİ-yə girməyə hazırlaşır. Zaqsda qulluq eləyir. O, ağıllı bir cavan olub. Mənim sözümə baxan, ağıllı oğlumdur. Midhət, çox güman ki, sənin yanına gələ bilməyəcək. Ənvər şövqlə Kürdəmirə getməyə hazırlaşır.

Münəvvərin paltosu ona necə gəldi? Yağ gəlib çatdı& Çəkisi – 9 girvənkə idi.

Mənə kağız yaz. Müzəffərə və qızım Münəvvərə mənim ürək salamımı yetir.

Yorğanı Blaqovidovadan istərik və göndərərik. Hələlik, xudahafiz.

 

Cəlil.

 

Yadımdan çıxdı bayramınızı təbrik eləyim. Uşaqlar üçün bir neçə cür çərşənbə yemişi aldım, hərəsindən bir az; kişmişdən başqa ki, “nema”.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info