Qonaq Kitabı
MƏKTUB (116)

 

(27 avqust, 1930).

 

Həmidə!

 

Midhətin bu səfəri məni çox incitdi. Hələ onu demirəm ki, bu istidə havası adamı yandıran Bakıda qalmalı olmuşam, gündə yüz put qaynanmamış su içirəm.

İş orasındadır ki, ayın 19-da Midhət Leninqraddan 25 manat pul istədi. Həmin gün onun üçün 45 manat göndərdim. Deyəsən, bu barədə sənə yazmışdım.

Ayın 24-də vurduğu ikinci teleqramma məni lap mat-məəttəl qoydu. Bu teleqramma əvvəlki xahişini təkrar edir. Poçta mənim adıma pul göndər.

Bundan mən belə başa düşdüm ki, 45 manatı almayıb. Özlüyümdə fikirləşib, 45 manatın ona çatmamasının səbəbini bu pulu Oktyabr vağzalına göndərməyimdə gördüm. Mən pulu ona görə bu adresə göndərmişdim ki, Midhətin teleqrammasının üstündə “Октябрьский вокзал” yazılmışdı. Odur ki, ayın 24-də dərhal təcili teleqrafla 50 manat göndərdim və teleqrafla ona bu barədə xəbər verdim.

Bu surətlə xatircəm idim ki, dəxi bu dəfə, o, pulu alacaq, çünki pulu onun teleqrammada göstərdiyi adresə göndərmişdim: Лелинград, до востребования.

Buna nə deyirsən ki, ayın 27-də Midhətdən belə teleqramma aldım: Ata, 25 manat göndər, yol pulum çatmır.

İndi mənim halımı xəyala gətir: mənə yazmır ki, əvvəl göndərdiyim pulları alıb ya yox. Əgər alıbsa, onda nə üçün yenə 25 mant istəyir? Almayıbsa, axı niyə almayıb?

Ayın 27-də yenə teleqrafla tez ona 25 manat göndərdim və təvəqqe elədim ki, pulu alması və yola düşməsi barədə xüsusi bir teleqramma ilə mənə xəbər versin.

Hələlik ondan heç bir xəbər yoxdur. Belə güman eləyirəm ki, indi yoldadır, qayıdır.

Bəlkə o, nə əvvəlki, nə də sonrakı pulları almayıb? İndi ki, bu çox təəccüblü şey deyil! Bir həftə bundan qabaq Tonyaya da teleqrafla Samara quberniyasına 30 manat göndərmişdim. Dünən o, teleqrafla xəbər verir ki, pulu almayıb.

Bu minvalla Midhətin səfəri məni Bakıdan tərpənməyə qoymur. Bu istidə burada oturub qalmalı olmuşam. Axı eləyə bilmərəm ki, uşaq uzaq yerdə köməksiz qalsın. O məndən hər gün nəsə istəyə bilər. Mən nə Borjoma gedə bildim, – ki vannaları ürəyim üçün çox vacibdir.

Evdə oturub gecə-gündüz onun yolunu gözləyirəm. Gecə yarısı küçədən hər faytonun səsindən dik atılıb dururam.

Midhət gələn kimi gərək dərhal, zorla da olsa, onu faytona oturdub sənin yanına, Şuşaya gətirəm. Bunu eləməyincə mən Kislovodskiyə vannaya gedə bilmərəm.

Sənə və uşaqlara salam. Mənim o biri yaxşı oğlum Ənvəri qucaqlayıram.

 

Cəlil.  



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info