Qonaq Kitabı
Gəl bir pirə xidmət eylə

Gəl bir pirə xidmət eylə,

Əmək zaye olmaz ola.

Mürşid ətəgin möhkəm tut,

Kimsəlindən almaz ola.

 

Bir işi bitirmək gərək,

Əksigin yetirmək gərək,

Yar ilə oturmaq gərək,

Heç bir şəmmə gəlməz ola.

 

Bir soyu soylamaq gərək,

Bir acı doylamaq gərək,

Bir dildən söyləmək gərək,

Firiştələr bilməz ola.

 

Ğayət çabuq olmaq gərək,

Dəryalarda dalmaq gərək,

Bir gövhəri bulmaq gərək,

Dəgmə sərraf bulmaz ola.

 

Gerçək aşiq olmaq gərək,

Məşuqini bulmaq gərək,

Ölməzdən ön ölmək gərək,

Varıb onda ölməz ola.

 

Bir quş olub uçmaq gərək,

Bu mənanı seçmək gərək,

Bir qədəhdən içmək gərək,

İçənlər ayılmaz ola.

 

Bir bağçaya gəlmək gərək,

Xub təfərrüc qılmaq gərək,

Bir gül ələ almaq gərək,

Hərgiz ol gül solmaz ola.

 

Gəl, Xətayi, sən keç otur,

Dəvani mənayə yetür,

Söhbətinə bir ər götür,

                                                  Cana, başa qalmaz ola.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info