Qonaq Kitabı
MƏKTUB (114)

 

12 iyul, 1930.

 

Mənim əziz oğlum Midhət!

 

Sənin 29 iyun tarixli məktubunu ancaq srağa gün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O, səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.

Biz hamımız sağ-salamatıq. Srağa gün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.

Burada bir yenilik yoxdur. Mən yığışıram sabah yox, o birisi gün gedəm Borjoma. Oradan sənə məktub yazıb öz müfəssəl adresimi də bildirərəm. Hələlik isə, təvəqqe edirəm, mənə kağızı bu adresə yazasan: Borjom Park. Do vostrebovaniya. Daçniku Mamedkuluzade.

Sənin bir xahişinə əməl eləməmişəm: institutdakı yeniliklər barədə bir şey öyrənə bilmədim. İnstituta getdim, heç kəsi görə bilmədim.

Mənzilimizi qıfıllayıram, çünki Tonyanın haqq-hesabını verib yola saldım. Hərçənd o hələlik eyvanda qalır və orada özü üçün yemək-içmək hazırlayır, lakin bu müvəqqətidir. Odur ki, əgər sən məndən qabaq gəlib çıxsan, çalış ki, evdə yeyib içməyəsən. Mənzilin açarını mən Manyaya verəcəyəm. Mənzilə kontordan keçib gedərsən. Amma elə elə ki, yemək otağından eyvana açılan qapını açıq qoymayasan. Evdən gedəndə qapıların hamısını bağlayıb açarları özünlə apar. Əgər şəhərdən çıxıb getməli olsan, açarları yenə Manyaya ver.

İndiyəcən burada gah qənd olmur, gah da mürəbbə üçün albalı. Amma mən hər halda Manyaya tapşırmışam ki, sənin üçün mürəbbə bişirsin. Bufetin qutusunda sənin üçün çay, qənd və sair azuqə qoyuram.

Kontorun pul işlərini notarius vasitəsilə Manyaya tapşırmışam; yəni pul barədə onunla danışa bilərsən. O sənə qəzet göndərəcək. Ananı da pulla təmin eləmişəm: güman edirəm ki, o razı qalacaq və məndən razı getdi. Mənə məktub yazanda ona da yaz.

Yaxşı, hələlik, xudahafiz.

Ağıllı oğlumu qucaqlayıram.

 

Atan Cəlil.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info