Qonaq Kitabı
MƏKTUB (113)

 

Bakı, 23 may (1930).

 

Əziz oğlum Midhət!

 

Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu, istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovsk adresinə göndərilib. Ona görə ki, poçtun qeydində “Svirstoy” deyil, “Sverdlovsk” yazılmışdır.

Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.

Hamı sağ-salamatdır. Bir yenilik yoxdur.

Yaxşı tikməyi öyrən: sən çox şey tikməli olacaqsan.

Münəvvər və Müzəffər gəlmişdilər. Onlar müvəffəqiyyətlə işləyir və yaxşı xeyir verirlər. Böyükləri onlardan razıdırlar.

Uzunboğaz çəkmələrin və qaloşların çatmağını bizə xəbər ver. Kağız da yaz.

Quldurlar yazıq Hüsü Hacıyevi öldürmüşlər; Şuşalı idi. Ağdam icraiyyə komitəsinin keçmiş sədri, sonra isə ədliyyə komissarı və Azərbaycan su təsərrüfatı idarəsinin sədri idi. Hökumət onu hörmət-izzətlə dəfn elədi. Bakıda Sabir bağında dəfn olundu.

Cümşüd Vəzirov (aşağı mərtəbədəki qonşumuz) bərk xəstədir (xərçəng).

Daha qəmli xəbərlər bəsdir.

Qəmli bir xəbər də yadımdan çıxdı: Əskərağanın oğlu Əbil bu günlərdə öldü.

Əzizim, sağ ol.

Haçan gəlmək fikrindəsən?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info