Qonaq Kitabı
MƏKTUB (106)

 

... 192(?)

 

Həmidə!

 

Sənin ikinci dəfə yazdığın kağızı aldım və həmin gün Azərbaycan MİK-ə ərizə verdim. İndi sənə Azərbaycan MİK-ə yazılmalı olan müxtəsər ərizənin formasını göndərirəm ki, özün öz əlinlə (əgər bacarsan) yazasan, yaxud başqa bir adama yazdırıb bu ünvana göndərəsən: Bakı şəhəri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (zərfin üstünü rusca yazmaq olar). Məktubu poçta verdiyin günü mənə xəbər ver ki, bilim və nə lazımdır eləyim. Sənin səsin sənə qaytarılacaq. Amma sənə məsləhət bilirəm ki, bu barədə heç kimlə bir kəlmə də olsun danışmayasan.

Müzəffər uşaqlara yol pulu göndərib onları bayram üçün kəndə çağırmışdı. Lakin Midhət gedə bilmədi. Ənvəri isə mən tək buraxmadım. Pulu məndən yarıbayarı alıb özlərinə xırda xərclik eləyirlər. Bu gün sənə 40 manat göndərilmişdir. Hələlik, salamat qal.

 

Cəlil.

 

Uşaqların hər ikisi mənə çox yaxşı baxırlar və hətta mənim gecələr gec gəlməmək barədə sözüm Midhətin qulağına girib.

 

C.

 

“Urus Əhməd bəyin qızı” ifadəsini mən qəsdən yazdım (Ağamalı oğlu bilir ki, sənin atana nə üçün “urus” adı veriblər – dinsiz olduğuna görə). Əgər ərizə yaxşı yazılmasa, onda elə buna qol çəkib zərfə qoy.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info