Qonaq Kitabı
MƏKTUB (102)

 

İrəvan, 8 iyun, 1929, çərşənbə.

 

Həmidə!

 

Çoxdan sənə müfəssəl məktub yazmıram. Odur ki, indi həyatımdakı bəzi yeniliklər haqqında İrəvandan sənə yazmaq istəyirəm. May ayında gürcü yazıçılarının nümayəndə heyəti Azərbaycan yazıçıları ilə tanış olmaq üçün Bakıya gəldilər. 18 nəfər idilər. Onlar burada bir həftə qaldılar və hər gün onların şərəfinə yığıncaqlar, hərdənbir də qonaqlıq düzəldildi. Söz yox ki, onlar da yola düşəndə bizi Tiflisə qonaq çağırdılar. Biz Tiflisə hazırlaşdığımız zaman erməni yazıçıları da teleqrafla bizi İrəvana dəvət etdilər. Mən heç getmək istəmirdim, amma Midhət çox təkid elədi ki, boyun qaçırmayıb gedim. Yoldaşlar da əl çəkmədilər. Razı oldum. Yola düşmək ərəfəsində Müzəffərlə Münəvvər Bakıya gəldilər. Mən onları qoyub getməli oldum. Müzəffər bir neçə həftədən sonra kəndə qayıtmaq istəyirdi. Münəvvər isə müalicə elətdirməyə hazırlaşırdı. Midhət hələ imtahan verir, fikri var ki, iyula qədər imtahanlarını verib dincəlmək üçün Şuşaya gəlsin.

... Mən özüm bir həftəliyə Şuşaya getməyə hazırlaşıram: İsa bulağı və Turşsuya istəyirəm.

Bu il Midhət kişi kimi oxuyub, ikinci kursa keçdi. Teymur yazıq isə həkimlərin təkidilə dərsi buraxıb payıza qədər dincəlməli oldu (Demə onda tropik malyariya və ciyər katarı varmış).

Tiflisdə ancaq Muradı gördüm. O, öz atasını idarə işi üçün səfərə yola salmağa getmişdi. Keyfləri pis deyil. Sabah bir günlüyə Naxçıvana getmək fikrindəyəm. Çərşənbə axşamı (3 gündən sonra) Leninakana (Aleksandropol) və oradan Tiflisə gedirik. Tiflisdə bir həftə qalacağam.

Erməni yazıçıları bizi Qarakilisdə qarşılayıb oradan avtomobildə Dilicana, Sevan gölünə, sonra da İrəvana gətirdilər. Yol uzunu hər yerdə bizi musiqi ilə, çox təntənə və mehmannəvazlıqla qarşıladılar. Burada olduğumuz müddətdə isə bizə bir qonaq kimi baxdılar. Tiflisdə gürcülər də bizi belə qarşıladılar. Hələlik, salamat qal.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info