Qonaq Kitabı
MƏKTUB (101)

 

19 aprel, 1929.

 

Həmidə!

 

İndicə Ənvər Şuşaya, sənin adına 40 manat pul yola saldı. Gecikməyin səbəbi təqaüdümün gecikməsidir. Təqaüdlərin hamısını dəyişdirmək barədə məsələ qaldırırıq, görək nə olacaq. Odur ki, mən sənin üçün Şuşada bahalı mənzil tuta bilmirəm. Hər halda necə olur-olsun ev sahiblərinin sözünə əməl eləməli və evlərini boşaltmalısan. Müzəffər və Münəvvər səsləri barədə verdikləri ərizənin nəticəsini gözləyirlər, zənnimcə (müsbət) cavab alacaqlar. Müzəffər hələlik jurnala kömək eləyir, Münəvvər də (evin) təsərrüfat işlərinə baxır. Uşaqlar oxuyurlar. Hələlik bir yenilik yoxdur.

Müzəffər və Münəvvər kənddən gələni, demək olar, istirahət eləyirlər: tez-tez Nina Antonovna Blaqovidovaya qonaq gedirlər; kinoya da gedirlər. Mənim üçün onlarla yaxşı keçir, yoxsa uşaqlar məktəbə gedəndə mən tamam yalqız qalıram.

Bakıda havalar hələlik soyuqdur, qış paltosu geymədən küçəyə çıxmaq olmur. Bir də çox bahalıqdır: mal əti 1 manata, qoyun əti 1 manat 40 qəpiyə, kartofun kilosu – 60, kələmin kilosu 80 qəpiyədir. Bircə çörək kifayət qədərdir. Çay və qənd əvvəlki kimidir.

Ənvər daha sağalıbdır. Aprelin 7-də xəstələnib yatağa düşdü: qızdırması 38,5-ə qalxmışdı. Qızdırması gecə də oldu və ayın 8-də düşmədi. Əmirbəy Aslanova zəng vurdum, gəlib diqqətlə baxdı. Axşamçağı qızdırması keçdi və 9-unda səhər evin içində gəzməyə, 11-də isə məktəbə getməyə başladı.

Bu gün Əliş Əmirovdan (Ağdam) kağız aldım. Yazır ki, yağ və pendir göndərib. Hələ almamışıq. Burada toyuq almaq mümkün deyil. 5, 6, 7 manatadır, dünən isə dedilər biri 15 manata çıxıb.

Hələlik. Sağlıqla qal.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info