Qonaq Kitabı
MƏKTUB (89)

 

22 avqust (1925).

 

Həmidə!

 

Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.

Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçu – Balaxanı – Ramananı (Neft aləmini) da görər.

Təzə bir xəbər yoxdur. Lida hələlik ancaq Münəvvərin paltarını tikib qurtarıb, qalanlarını gözləyirəm. O ləng tikir.

Midhətlə birlikdə fayton üçün açar axtarırıq, tapan kimi göndərərik. Leyliyə məndən salam söylə və de ki, Şuşadakı qonaqpərəstliyi və hörməti üçün ondan çox razıyam. Hələlik mən onun üçün heç bir şey eləyə bilmirəm, çünki bütün məktəblər və klublar bağlıdır, müdirlər bağa gediblər. İmkan olan kimi vədimə əməl eləyəcəyəm. Amma belə güman edirəm ki, özü burada olmasa, iş aşmayacaq.

Hamıya salam. Ənvəri öpürəm.

Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.

Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.

 

Midhət!

 

Lısoqorsk necə yaxşı idi!.. Ah, bir də haçan ora gedəcəyəm?.. Müzəffər və Münəvvəri öpürəm! Hələlik salamat qal, kefin həmişə kök olsun və yavaş-yavaş “dayna”nı tərgit.

Əliş bəyə və Qəmərə salam.

 

Cəlil.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info