Qonaq Kitabı
MƏKTUB (88)

 

13 iyul (1925).

 

Əzizim Eynəli Sultan.

 

Kağızın gəldi çatdı. – Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yadımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudanda da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info