Qonaq Kitabı
MƏKTUB (82)

 

(1924).

 

Əzizim Həmidə!

 

Ümidvaram ki, sən tezliklə yığışıb Bakıya gələcəksən. Ənvər və Midhət hər gün mənim yadıma salırlar ki, səni buraya çağırım gələsən. Hətta Ənvər bu qərara gəlib ki, əgər sən nə üçünsə bir də kəndə qayıtmaq istəsən, yaya qədər səni getməyə qoymasın.

Əliş bəyin uşaqları sağ-salamatdırlar, 9-cu məktəbdə oxuyurlar. Hələlik onların dərsləri türk dilində keçir, çünki bu ildən yerli uşaqlara rus məktəblərinə girməyə qətiyyən icazə verilmir. Onlar rus dilini əlahiddə bir dərs kimi keçəcəklər. Allahyarı darülmüəlliminin pansionuna qoymaq istəyirdim, amma bəy oğlu olduğuna görə heç cür oraya götürməzlər! Rəşid özünü ömrü meşədə keçmiş əsl bir vəhşi kimi aparır. Lap zəncirləməli dəlidir. Oxumağa da qabiliyyəti yoxdur (sinifdə qaldı).

Pakizə indi ikinci sinifdədir. Türk dilində yazıb oxuya bilir, rus dilində də xüsusi dərs keçir. Midhət, Ənvər və Teymur hər gün xörəkdən sonra məşhur qoca müəllim Ziyadan ciddi surətdə fars dili öyrənirlər, müəllim bizim evdə gəlib dərs deyir.

Uşaqların hamısının kefi kökdür. Axşam saat 5-də hamısı bir-bir Midhətin velosipedinə minib gəzirlər. Midhət isə velosipedi şəstlə, təcrübəli bir adam kimi sürür və özünü dünyada ən xoşbəxt adam sayır. Yemək-içməkləri də pis deyil: hər gün kərə yağında bişmiş iki cür çörək, toyuq-plov, səhər və axşam ağ çörək və pendirlə şirin çay. Hərdənbir şam da edirlər. Hər gün meyvələri var. İki həftədən bir hamama gedirlər. Həftədə bir dəfə çirk paltarlar yuyulur və i. a. Olya indi lap bizim səriştəli aşbazlar kimi xörək bişirir.

Aftabxanım uşaqlardan heç nigaran qalmasın, Əlibəylə də biz daha lap “dost”laşmışıq. Müzəffərə, Əliş bəyə, Süleymana, Cəmilə salam yetir. Xörək stolu üçün süfrə və köynəklik ipək şal (bildirki kimi) gətir.

Tezliklə görüşənədək, xudahafiz.

 

Cəlil.

 

Əzizim Münəvvər! Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O, Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz; hər nə istəsən, dərhal göndərərəm.

 

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info