Qonaq Kitabı
MƏKTUB (81)

 

Moskva. 9 oktyabr, 1924.

 

Əzizim Həmidə!

 

Biz indi Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.

Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.

Mən məktublarımda da, teleqrafla da səndən xahiş eləmişəm ki, uşaqları da götürüb Bakıya gələsən; bilmirəm gəlmisən ya yox. Əhvalın necədir? Uşaqlar necə oxuyurlar? Biz burada ən çox oktyabrın 16-17-sinədək qalacağıq; yəni ayın 20-si, 21-i üçün Bakıda olacağıq.

Bilmirəm gününüz necə keçir? Jurnalın kontorundan mənim məvacibimi sənə verməli idilər, bilmirəm Teymur sözünə əməl elədi ya yox.

Bizim uşaqların dərsi necə gedir? Əlişi Fəhlə fakultəsinə, yaxud instituta götürdülərmi? Səmədi necə? Əgər o qəbul olunmayıbsa, Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək lazımdır. Bilmirəm bu barədə sənin fikrin necədir. Bir də yerimiz darısqal olmaz ki?

Əlbəttə, səyahətimiz barədə indi yazmağımın mənası yoxdur – bunu ancaq nağıl eləmək olar. Əziz balalarım üçün bərk darıxmışam və ona görə də evə can atıram. Müzəffər və Münəvvər necədirlər? Kəndə yağ (maz) göndərdilərmi? Hələlik sağ ol.

 

Sənin Cəlilin.

 

Midhət! Anan Bakıda deyilsə, bu kağızı poçtla ona göndər.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info