Qonaq Kitabı
MƏKTUB (77)

 

2 sentyabr, 1924.

 

Əzizim Həmidə!

 

Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada səninlə birgə mütəxəssislə - həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, bunu sənin üçün kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki axı məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.

Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarx üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq təzə rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.

Burada pendir baha olduğuna görə gələndə motal gətir. Bizim uşaqlardan başqa özünlə heç kəsi gətirmə. Cəlalın, oğlunun və Səmədin məsələsi sonra məlum olar. Bizim uşaqların dərsi sentyabrın 16-sında başlanır.

İndi özüm barədə danışım: sən Bakıya gələndə yəqin mən səfərdə olacağam. Zənnimcə sentyabrın 4-də hökumət işi üçün Ağamalı oğlu ilə Krıma yola düşəcəyik. Üç həftədən sonra qayıdacağıq; yəni siz burada mənsiz cəmisi on gün qalıb darıxacaqsınız. Amma xərcliyi jurnalın kontorundan alacaqsan. Kontoru mən bizim mənzilimizə, birinci böyük otağa köçürmüşəm. Sənin kiçik otağını mən hələlik bağlayacağam: uşaqlarla yemək otağında qalın. Ümumiyyətlə istədiyin kimi yerbəyer ol. Olya bütün məsələlərdə sənə köməklik eləyəcək. İstəyirsən uşaqları məktəbə özün apar. Ənvərin dəftərləri Teymurda olacaq.

Yadımdan çıxdı deyim ki, əgər nəyə görəsə indi gələ bilməsən və kəndə baş çəkməli olsan (hərçənd bu əbəsdir), onda uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər.

Belə, daha nə yazım? Sənin üçün və uşaqlar üçün çox darıxdığıma görə sizi səbirsizliklə gözləyəcəyəm. Leyliyə və bizim ev yiyəsinə salam söylə. Özün üçün uzunboğaz çəkməni və qaloşu burada ayağına geyib seçərsən. Sonra, mən belə fikirləşirəm ki, kəhrizləri icarəyə vermək məsələsini burada həll eləmək daha yaxşı olar. Camaata vəd elədiyim pəsməndə şeyləri sonra göndərərəm. Əliş bəyi və Cəlalı görsən de ki, onların uşaqlarını məktəbə qoymaq üçün var qüvvə ilə çalışacağam ki, oxusunlar.

Əziz balalarımı bərk-bərk öpür və onların anacığazını bağrıma basıram. Hələlik. Yaxın görüşədək.

Ənvərin dəftərini Teymura vermişəm saxlasın, qoy Ənvər məktəbə aparıb müəllimə göstərsin.

 

Cəlil.  

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info