Qonaq Kitabı
MƏKTUB (76)

 

23 avqust, 1924.

 

Həmidə!

 

Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdır. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s.) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfsilənirəm. Deyəsən onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb (bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).

Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.

Midhətdən nigaranam, ümidvaram o, Turşsudan gələn kimi mənə xəbər verəcəksən. Qalan işlərin hamısını öz vaxtında görəcəyəm. Sabah başağrım üçün isti vanna götürməyə Suraxanıya gedəcəyəm. Hələlik, xudahafiz.

Uşaqlara salam. Ənvərə - 50 qəpik, Murada – 20 qəpik, Midhətə - nə qədər istəsə ver.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info