Qonaq Kitabı
MƏKTUB (72)

 

2 fevral (1924).

 

Əzizim Həmidə!

 

Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.

Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

Mən görürəm ki, orada başın daim qalmaqaldadır: hər yandan sənin xətrinə dəyirlər. Amma çox fikir eləmə, naraht olma və mümkün olan yerdə güzəştə get.

Mən məsləhət görmürəm ki, sən mərkəzin əmrlərinin köməyi ilə iş aparasan. Yaxşısı budur ki, Yerli hökumətin rəyilə iş gör. Kəndlilərin istədiyi kimi işləsən, daha yaxşı olar. Hər halda kəndlilər qiymət verər və bir gün başa düşərlər.

Şahadı 2-3 girvənkə, yəni icraiyyə komitəsinin müəyyən elədiyi qədər al. Yoxsa, hətta mərkəzdən əmr olsa da, hər halda yerli hökumət narazı qalacaq, yenə səni narahat eləməyə başlayacaq və dedi-qodu başlanacaq.

Bu yaxınlarda “Əkinçi” qəzetində Ağdamdan Kəştazdakı bir dəyirman sahibi haqqında yazmışdılar ki, o çox şahad alır. Çalış ki, sənin dəyirmanın barədə bu cür söz-söhbət olmasın.

Tezliklə sənə qəhvə, çay və qənd göndərəcəyəm. Uşaqların bütün dərslərdən qiyamətdirlər. Midhət isə həm rəssam, həm də texnikdir.

Bütün cəncəlləri boşla və köç gəl. Fikrim var yayda uşaqları Bakurianiyə aparım. Odur ki, bunu nəzərə alıb, gəlməyə hazırlaş. Əgər indi soyuqlara görə gələ bilməsən, onda mütləq bayram üçün özünü yetir.

Hazırda Teymurdan başqa, Allahyar da naxoşdur; hər ikisi qızdırır. İşim-gücüm onlara baxmaqdır.

Əgər var isə, göndərdiyin süfrədən birini də və mənim üçün yay kostyumu (köynək) tikdirməyə parça göndər.

Qəzet alırsanmı?

Hamıya salam.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info